Yağışlar Lənkəranda suyun səviyyəsini artırıb

yagislar-lenkeranda-suyun-seviyyesini-artirib
Oxunma sayı: 640

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Qaqazinfo”ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 160-260, Naxçıvan MR çaylarında isə 125-130 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 62 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 130 m3/s və ongünlük normanın 107 faizini təşkil edib.

Avqustun 27-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə dörd dəfə çox olmaqla 249 m3/s təşkil etmiş və ongünlük normanın 363 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 7 sm azalma, Salyanda 8 sm, Bankədə 20 sm artım qeydə alınmışdır. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməmişdir.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2011-ci il avqustun 31-də 528 sm), Şirvanda 195 sm (2011-ci il avqustun 31-də 445 sm ), Salyanda 148 sm (2011-ci il avqustun 31-də 439 sm), Bankədə 241 sm (2011-ci il avqustun 31-də 295 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 sm (2011-ci il avqustun 31-də 225 sm) təşkil edir.