“Yalandan çox futbolçu çağırmaq da düzgün deyil” - Qurban Qurbanov

yalandan-cox-futbolcu-cagirmaq-da-duzgun-deyil
Oxunma sayı: 2088

Antalyada təlim məşq toplanışı keçən Azərbaycan millisi sabah yoldaşlıq görüşündə Moldova yığması ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbnov oyun öncəsi brifinq keçirib.

- Yığma ilə ilk toplanışınızdır. Klubla bunun arasında fərq varmı?

- Təbii ki, fərq var. Klubda hər gün futbolçularla bir yerdəyik. Burda isə az vaxt birlikdə oluruq. Çalışırıq ki, futbolçularla yaxşı ünsiyyət quraq.

- Millidə müxtəlif klublardan futbolçular var. "Neftçi"nin oyunçuları böyükhesablı məğlubiyyət alıblar. Onlarda psixoloji gərginlik var. Bu barədə onlarla danışmısınız?

- Milli komandaya gələn oyunçular peşəkardır. Onlar klublarında baş verənləri kənara qoymalıdırlar.

- Nəticə nə dərəcədə vacibdir?

- Nəticə mütləqdir. Çox istərdim ki, yaxşı nəticə qazanaq. Bir oyun bizim üçün azdır. Nəticəyə önəm verəcəyik. Amma vacib olan odur ki, düşündüyümüz şeyləri medanda göstərək. Bəlkə Moldova millisi daha hazırlıqlıdır. Çünki onlar iki gün öncə Cənubi Koreya ilə oynayıblar. Nəticə vacib olsa da, futbolçuların düşüncəsi, birliyi önəmlidir. Oyunçular peşəkardır və bilməlidirlər ki, nəticə lazımdır.

- Gürcüstan və Kosovo ilə yoldaşlıq görüşləri ləğv olundu. Bunun əvəzində hər hansı klubla oynaya bilməzdiniz?

- 2 rəqib var idi. İstəmirəm ki, klublara qarşı oynayaq. Çünki klublara qarşı çox oyun keçiririk. Klubla qarşılaşmaqdan böyük fayda götürməzdik. Futbolçuların da hazırlığı fərqlidir. Çox istəyirəm ki, millilərə qarşı oynayaq.

- Müdafiənin mərkəzində Maksim Medvedev oynayacaq?

- Böyük ehtimalla o oynayacaq.

- Azarkeşlər çağırmadığınız bəzi oyunçulara görə narahatdırlar. Xüsusən, Amil Yunanov və Bəxtiyar Həsənalızadə üçün.

- Hər hansı ciddi səbəb yoxdur. Təkcə onlar ikisi yox, digərləri də var. Daha dərindən düşünsək, bir oyun olduğunu nəzərə alaraq yalandan futbolçuları çağırmaq da düzgün deyildi. 8 futbolçu var ki, oyunlarını izləyirəm. Narahatçılıq lazım deyil. Bu gün hər şey bitmir. Ola bilər ki, qarşıdakı toplanışlarda dəyişikliklər olsun. Rəqibə uyğun olaraq müdafiəçi, hücumçu sayı çox ola bilər. 25-30 futbolçu çağırsam, onları meydana buraxmasaq, düzgün olmaz. Həm Amil Yunanov, həm Bəxtiyar nəzarətimdədir. "Neftçi"də, "Qəbələ"də layiq oyunçular var.

- Pavel Paşayev komandaya nə zaman qoşulub?

- Dünən bizimlə məşqlərə başladı. Hər bir futbolçunun hazırlıq səviyyəsi fərqlidir.

- Kamran Ağayevin durumu nə yerdədir?

- Yəqin ki, onun durumu sabah bilinəcək. Dünən də qızdırması var idi, amma keçdi.

- Futbolçularla fərdi danışığınız olub?

- Toplantılarımız olub. Fərdi danışdığım oyunçularımız var idi. Bakıda belə görüşlərimiz də olacaq. Bəzi oyunçularla danışacağıq.

- "Qarabağ"ın bu gün yoxlama oyunu var. Heyəti siz müəyyənləşdirmisiniz, yoxsa Rəşad Sadıqov?

- "Qarabağ"da Rəşada uğurlar.

- Heyətin 80-90 faizi Robert Prosineçkinin vaxtında milliyə dəvət alırdı. Çox dəyişiklik lazımdırmı?

- Düşünürəm ki, hamı peşəkardır. Əvvəlki heyətin içində olmamışam. Həmişə Robert Prosineçki futbolçulardan razılıq edib. Sadəcə nəticələr üçün daha çox çalışmalıyıq. İntizam qaydasındadır, məşq qaydasındadır. Bizə daha çox işləmək qalır.

- Moldova millisi necə komandadır?

- Moldova millisi müdafiədə həddən çox diqqətli oynayır. Çox istəkli komandadır.

- Eddi İsrafilovun milliyə çağırılması nə qədər realdır?

- Dediyim kimi hər bir oyunçu nəzarətdədir. Hər an dəyişiklik ola bilər. Tam əminliklə deyə bilmərəm ki, onlar çağırılacaq.

Elsevər Məmmədov