Yaltaq şairlər və yaltaq oxucular...

yaltaq-sairler-ve-yaltaq-oxucular
Oxunma sayı: 3214

Xuraman Hüseynzadə

Əbülfəz Qarayev bir ilkə imza atdı. “Əcəb eləyib” deyənlərin “eləməməliydi” deyənlərdən çox olması göstərir ki, çoxluq barışığa, sülhə meylli deyil. Sibel Can demiş, insanları bir qələmdə rəzil edərlər.

Bu, nazirin şəxsi mövqeyidi. Özü bilər.

Elə adam var, şəninə tərif deyənlərə mükafat, eləsi də var, töhmət verir. Vaqif Bəhmənlinin yazdığı isə... ilk deyildi. Buna qədər nə qədər yaltaq şairin belə şeirlərini oxumuşuq. Ola bilsin, içərisində səmimiyyətlə yazılanlar da var. Amma istənilən halda ifrat səmimiyyət yaltaqlıq hesab olunur.

Maraqlıdır ki, buna qədər Vaqif Bəhmənlini kölgədə qoyan şairlər həmin şeirlərinə görə nə qədər fəxri adlar, mükafatlar alıblar?! Adları əbədiləşdirilib onların. Minlərlə, on minlərlə oxucuları var. Bəs niyə Vaqif Bəhmənlini belə linç etdilər? Əcəba, xalq oyandımı? Qəflət yuxusundan ayıldımı? Yoxsa oyanmağı, həqiqətin yanında olmağı, imperativliyi imitasiya eləyirlər?

Yox, bu, sadəcə sosial şəbəkələrin verdiyi geniş imkanların nəticəsiydi. İnsanlar bu imkandan maksimum yararlanmağı bacarır. İnsanlar, yəni çoxluq. Bu çoxluğun içərisində həmin şairləri kölgədə qoyan yaltaqlar da var! Onlar ölkəni çapıb-talayan yaltaq məmurların önündə ikiqat olarlar; tərifi tərif dalınca döşəyərlər; puldan ötrü üzlərinə tüpürərlər onların, səsləri çıxmaz!

Vaqif Bəhmənlinin birinci səhvi həmin şeiri yazmağıydı. İkinci səhvi sosial şəbəkələr dövründə yaşadığnı unutmağıydı. Həssas dövrdü indi. İşıq sürətilə dəyişir gündəm. MTN olayları köhnəlib. Xalqın siyasi xəbərlərdən bezdiyi bir vaxtda bu cür bədii mövzunun ortalığa atılması əsl antrakt effekti verdi.

Vaqif Bəhmənlini şəxsən tanımıram, görməmişəm. Amma bu qədər yaxşı şeiri olan bir şairi bir SƏHVinə görə belə biabır eləməzlər axı. Əminəm ki, bunu eləyənlər heç onun bir şeirini belə oxumayıblar. Oxusaydılar, bir acını yüz şirinin xətrinə udardılar. Elə oxumaqdan, mütaliədən uzaq olduqları üçün də hücuma keçdilər.

Hər kəs məqamı gələndə “qırmızı işıq”da dayanmağı bacarmalıdı. Məsələn, kimisə yaltaqlığına görə ittiham edəndə əyləci saxlamalıdı. Düşünməlidi ki, özü kimlərə yaltaqlanıb bəs? Və bunu necə bacarıb?