Yaltaqlıq qarant deyilmiş...

yaltaqliq-qarant-deyilmis
Oxunma sayı: 1784

Fərid Hüseyn

Qəribədir, illərlə bəzi insanlar fikir dəyişə-dəyişə hara gəlib dirəndilər, hansı qənaətdə möhkəmləndilər: Yaltaqlıq qarantdı, təhlükəsizlikdi, yaltaqlara zaval yoxdu.

Ancaq bir az qədimlərə də boylanaq. Qədimdə saray şairləri, ayrı-ayrı adamlar o qədər yaltaqlanarmış və bu yaltaqlıq nümunələri o qədər çoxalarmış ki, yaltaqlar kürəyini öz “irsinə” söykəyib daha da qudurarmış.

Günlərin bir günü həmin tərifli sözlər heç kəsə təsir etməzmiş...

Mahiyyətin itirmiş bu sözlər xilas etməzmiş onları.

Adil hökmdarlar günün birində onların payını, həqiqi dəyərini verər, cəzalandırarmış.

Saraydan qovularmışlar və dallarına vurulan saray qapıçısının təpiyi onları daha çox incidərmiş.

“Döymə qapını, döyərlər qapını” dünyasıdı...

II

Elə bilirəm, ölkədə az-çox normal bir mühit yaranmaqdadı.

Şükür artıq yaltaq adamlar cəzalandırılır, bəzən isə onlara əhəmiyyət verilmir... Matahlarını satmağa bazar, vasitəçi gəzənlərin əlləri qoyunlarında qalır.

Yaltaqlığı qalxan, sipər edən “qəhrəmanların” sonu gəlir.

Daha ciddi maraqlar zəminində yaltaqlıq kəsərini itirir.

Yaxşı ki, donunu dəyişənlərə və vedrə səsinə oynayanlar üçün meydan daralır.

Heç olmasa fani ömürdə heç nəyin əbədi olmadığını onlara hiss etdirirlər.

Belə olmasa və bu tendensiya davam etməsə, hər vaxt yaltaqlıq qarant sayıla bilər.

III

Niyə cəmiyyətimizdə insanlar özlərini, şəxsiyyətlərini, peşəkarlıqlarını və güclərini öz işləri ilə sübut etmirlər?

Sualıma hazır cavabınız olar, deyə bilərsiniz, bunun üçün mühit yoxdur. Ancaq bu əsas cavab deyil.

Əsas keçərli cavab budur: beyninin əsas tərəfi yaltaqlıq üçün işləyənlərin kələkləri bir yerdə keçmir, işləmir.

Gün kimi aydın olur ki, yaltaqlıq əbədi dinclik, toxunulmazlıq qarantı deyil.

Gücü, enerjini daha kəsərli işlərə xərcləmək olardı.

Və vay o günə yaltaqlananlar işləri düz gətirməyəndə, bəxtin kəc rəftarı zamanı minnətə başlayalar. Bizim xidmətimiz var... Bir qoyub min götürmək xidmət deyil, dəllal xislətidi...

Nə ilə yaxşılıq ediblər? Quruca, senton sözlərləmi? Onların yaltaqlığına heç kəsin ehtiyacı yoxdu... Bir də yaltaqlıq haçandan yaxşılıq olub?

Əlbəttə, kimsə haqqında xoşa söz də demək olar, yaxşı işləri qədərində təqdir etmək də mümkündür və yeri gələndə, məqamı yetişəndə lazımdı. Ancaq bunu da əndazədə etmək lazımdır, ədalət hissini itirməməklə.

Vicdan, iş, dövlətə xeyir, fərdi keyfiyyətlər, elmi səviyyə qarant olmalıdı...

Yaltaqlığın təntənəsi əl çalınıb qurtaranacandır. Fəqət əsl sevginin, əsl istəyin və bundan doğan əməllərin ömrü də çoxdu, mərtəbəsi də yüksəkdi.

Yaxşı əməllərə, əvəzedilməz üstünlüklərə və vicdana söykənmək ümidiylə...