Yaltaqlıqda sitat həyasızlığı

yaltaqliqda-sitat-heyasizligi
Oxunma sayı: 2427

Fərid Hüseyn


İlahi, görünür, sən bizi bayağılıqdan xilas edəsi olmadın... Dəhşətdi, əgər biz ipləmə olmuruqsa, belə miyanə əhvalımızı qoruya biliriksə, öz içimizdəki bu əsir-yesir halımızla dözməyi bacarırıqsa, deməli babat möhkəm adamlarıq... 

Ölkəmizdə ən ciddi həyasızlıqlardan biri də sitat həyasızlığıdır, biləsiz. Təsəvvür edin, bir də görürsən təhsilin bu günə düşməsinə bais bir adam haqqında yazı yazılır, yazının əvvəlində epiqraf Mövlanənin elm haqqında dediklərindən olur. Axı təhsili bu günə qoyan adamlardan birini, ömrünü elm-mərifətə, əqidə və haqq yoluna adamış şəxsin sözü ilə hansı haqla “bəzəyirlər”, onları bir-birinə bağlayan nədir? Yəni bu rüşvətxor, yanağına pulun hər rəngi çökmüş adam Mövlanənin yolunu gedir bəyəm? Olmaya Mövlanənin elm haqqında dediklərini həyata keçirən xilaskardır?

Bir də görürsən biri özündən vəzifəcə üstün adama Əbu Hamid Əl-Qəzalinin hikmətləri ilə yarınır. “Qəm yarasını zülmün dırnağı ilə didənlərə” humanizm büstü qoymaqda mahirik yaman...

Yaxud birinin yaltaq yazısı “İncil”dən sitatla başlayır, sonrası da Quranla “dolub-daşır”.

Mədəni-ədəbi tədbirlərimizin də çoxu o gündədir... Elə adamı elə adamla müqayisə edirlər ki, cövkanbaz fələk mat qalır...

“Haram sitat çəkənlər”i çoxu hörmət düşüblər, ancaq dəvədən yıxılsalar da “höt-höt”lərini əldən qoymurlar... Eyni sözü çevir de, çevir de... 300 manat maaşdan keçməyən adam canından keçən Mayakovskini rus rejiminə satılmaqda ittiham edərək çıxış vaxtı əlinə baxdığı adamı tərifləyir...

Mənasız adamların, yaxud hörmətli kəslərin mənasız adamlardan danışanda çəkdiyi sitatlar mənə yalandan and içməyi xatırladır. Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”nda (andıra qalsın, deyəsən sitat çəkməli olacam) belə bir yer var: “Mən oxucularımı inandırmaq üçün bir neçə möhkəm and içməyə hazıram. Ancaq Qurana and içməyəcəyəm. İnanmazsınız: Müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir”.

Sitatçılıq olmasın, bu gülünc sitat çəkmələr, özünü ali ruhani-mənəvi qatdakılarla müqayisə edənlərin vəziyyəti “Hiyleyi-şəriyyə” əhvalatına çox bənzəyir. “Hiyleyi-şəriyyə” – dinin hiyləsidir. Deyilənə görə Həzrəti Əyyubu Xudavəndi-aləm imtahan etmək üçün azarlatdı. Ancaq o xəstə olanda Allaha şükür edirdi. Bir gün arvadına əsəbiləşib dedi: “Allah haqqı, ayağa qalxan günü sənə yüz cubuq vuracam”. Sağaldı və vədi yadına düşdü. Ancaq arvadının xəstə vaxtı onun yolunda çəkdiyi əziyyət yadına düşüb insafa gəldi. O, yüz ədəd çubuğu toplayıb, bir-birinə bağlayıb bir dəfə arvadına bekara vurdu. Bununla da vəd elədiyi “yüz çubuğu vurmuş oldu”. Biz də (Həzrəti Əyyub mərtəbəsindən min pillə aşağıda ola-ola) həyatda, ədəbiyyatda fırıldaq edirik, əsl istedad, sənət, vicdan qarşısında, İlahi önündə dəyərlərə (gözə görünməz sazişə) başqa formada don geyindirməyə çalışırıq. İndi bizim bəzi “ziyalılar”, “söz adamları” və s. üçün “Hiyleyi-əbədiyyə”, və “Hiyleyi-mədəniyyə” dövrüdür...

İlahiyyat, sufizm, izmlər, inanclar... Əksərən əlimizə düşən, o saatca günümüzə düşür...