“Yalvarram, o qızdan aralan, üzük!”

yalvarram-o-qizdan-aralan-uzuk
Oxunma sayı: 733









Üzük


O vüsal günləri hayana düşdü,
Var imiş könlümü qırmağın sənin,
Nə vaxtdan bu üzük payıma düşdü -
Alışıb yanaydı barmağın sənin.

Səni bəxş etdilər nə bilim kimə,
Mənim sevməyim də bir günah imiş,
Həsrətin zəhərli gülləymiş demə,
Bu təmiz ürəyim nişangah imiş...

Nəfəsim alışıb gör necə yandı,
Yalvarram, o qızdan aralan, üzük!
Bəxtimə dolaşan qızıl ilandı
Sənin barmağında saralan üzük.

Oyur ürəyimi, min ağrı, giley
Qəm yüküm dəyirman daşı boydadı...
Daralıb, yığılıb, kiçilib hər şey
Yer üzü üzüyün qaşı boydadı.

Köçdüm gözlərinə günün birində,
Varlığım qəlbində durmadımı bəs?
Sənin o nişanlın bəbəklərində
Mənim nişanəmi görmədimi bəs?

Bu sənin barmağın, üzük də baha
İşıqlı var-dövlət qarmağın oldu.
Məni barmağına doladın daha
Ən böyük düşmənim barmağın oldu!

Həsrətlə çırpılıb əzilmişəm mən,
Ağrı qatar-qatar əzikdən keçər.
Soyulub qatbaqat nazilmişəm mən
Qamətim sap kimi üzükdən keçər...

Gün sürüb fərəhlə yaşardım yüz il
Bir an sıxılsaydım qucağına mən.
O sənə bəxş etdi bir parça qızıl,
Günəşi taxardım barmağına mən.

Bir sual bənd olub yaş boğan gözə
Niyə saf eşqimi günah sayıblar?
Səni bir oğlana, bir könülsüzə,
Məni də kədərə nişanlayıblar!..

1976




Sevda


Can oldu piyada, sevdiyim atlı,
Heç nəyə çatmadı günün uzunu.
Bağrımın başını ayrılıq tutdu,
Həsrətim bağladı günün üzünü.

Umsunub şığıdım nahaq dalınca,
Neçə Musaq uçaq İsaq dalınca...
Müstər bir qismətin nahaq dalınca
Süründüm ilantək çöllər uzunu.

Qartal adətidir, yırtıb aparmaq,
Kəhər adətidir, yortub aparmaq...
Bəs mənə nə qaldı? - dartıb aparmaq
Gözümdən süzülən yaşın duzunu

Dərviş qabağıma sirli aş qoydu.
Quyunun ağzına yumru daş qoydu...
Sevdamın dizinə divlər baş qoydu,
Mən də qucaqladım yarın dizini.

Yar deyib yolunda, ölmərəm heç vaxt,
Başına nə gəldi bilmərəm heç vaxt,
Qurd-quşa yem ollam, almaram heç vaxt.
Bir daha dilimə sevda sözünü...




Olmayanda


Kədərli yer görməmişəm,
Bu dağ kimi, bu düz kimi.
Nə gecəm bir yönnü gecə,
Nə gündüzüm gündüz kimi -
Sən yanımda olmayanda.


Gözlərimdə işıq izi
Sən baxanda qalanandı,
Ötərgidi sevilməyim,
Gülməyim də yalandandı -
Sən yanımda olmayanda.


Biz yeriyən cığırlarda
Nə zamandır izim yoxdu,
Yar sinəmi, sinəmə bax,
Ürək tapsan sözüm yoxdu...
Sən yanımda olmayanda

1979