“Yandıraq Anarın kitablarını”...

“Yandıraq Anarın kitablarını”...
Oxunma sayı: 3083

Azər Qismət

Kitabın vərəqini cırdığıma görə atamdan aldığım şapalağın yeri hələ də ağrıyır. Bir dəfə isə Novruz bayramında kitabın vərəqlərini tonqaldakı taxtaların altına soxmuşdum ki, tez alışsın.

Mərhum atam görəndə ki, deyəsən şapalaqla adam olmayacağam, bu missiyanı fiziki güclə həll etməyi yarıda saxlayıb məsləhətə keçmişdi: “Kitab müqəddəsdir. Onu özün kimi qoru. Özünə necə qiymət verirsənsə, ona da ver”. Daha qəlbimdə “kitabı cırmaq, yandırmaq günahdır” tipli qorxu yaratmadı.

Tarix boyu kitabı o halda yandırıblar ki, o, yeni quruluşla üst-üstə düşməyib. Bolşeviklərdə kitabın yandırılması məsələlərinə Leninin ömür-gün yoldaşı, silahdaşı Nadejda Krupskaya rəhbərlik edib. Yeni formasiyanın çevriliş aktı tam bərqərar olandan sonra əvvəlki formasiyada dərc edilən kitablar antipropaqanda rolu oynayırdı. “Din xalq üçün bihuşdurucudur” deyən Leninin hökmünün yeriməsi üçün pravoslav təmayüllü kitabların mövcudluğu işləri korlayırdı. O kitablar yeni nəslə qədər yandırılmalı idi. Krupskaya qara siyahı tərtib edir, üstəlik çar zamanındakı ziyalılara qarşı repressiya güclənirdi. İlk növbədə dini kitablar yandırıldı. Sonra köhnə hökumətin ruporlarının əsərləri satışdan çıxarıldı. Kimin evindən belə kitablar çıxsaydı, cinayət məsuliyyətinə cəlb olunarmış. İdeoloji cəhətdən zərərli kitabların ictimai kitabxanalardan çıxarılması və bolşeviklərin gözündə dəyərsiz ədəbiyyatın yığışdırılması işi təkcə rus şair və yazıçıları ilə bitmədi. Krupskayanın qara siyahısına Platon, Kant, Şopenhauer də salınmışdı.

Kitabların yandırılmasına dair ikinci xatırlanan pis tarix nasional-sosialistlərin hakimiyyətə gəlişi ilə xatırlanır. Yəhudi marksistlər və pasifistlər təqib edilən dövrdə xeyli sayda kitab yandırılıb. Təkcə 1933-cü ilin martından oktyabrına qədər Almaniyanın 70 şəhərində on minlərlə kitab külə çevrilib. Alman Tələbə Hərəkatı evlərə girib kitab rəflərinə baxmaq qədər həyasızlığa sahib olublar. Üçüncü Reyxin nəzdində yaradılan mətbuat və təbliğat şöbəsində alman ruhuna uyğun olmayan kitablar tonqallara atılıb. Bütün bunlar yeni hakimiyyətin güclənməsi, ideologiyanın möhkəmləndirilməsi, şüurlara yeridilməsi üçün edilib.

İndi Anarın kitablarını yandırmaq istəyirlər. Məgər Anar da azərbaycançılıq ruhuna uyğun olmayan əsərlər yazıb? Yeri gəlmişkən, birdən kimsə düşünər ki, Yazıçılar Birliyinin tam qayğısı ilə əhatə olunmuşam və ona görə Anarı müdafiə edirəm. Həmin birliyə bir dəfə təqaüdə görə müraciət etmişəm, onda da alınmayıb. Bir də rəhmətlik Arif Əmrahoğlu adımı 50 manat yardıma yazmışdı. Heç Anarla 5 metr məsafədə də dayanmamışma. Amma siz kimin kitabını yandırırsız. O adamın ki, İçərişəhər köhnəlik qalığı hesab ediləndə, sökülməsinə dair fikirlər səslənəndə “Gün keçdi” ssenarisində bunun əleyhinə çıxmışdı? Anar kimi yazıçıların etirazı hesabına indi turistlərin qarşısına çıxa bilirik. Siz o adamın kitabını yandırmaq istəyirsiz ki, Dağlıq Qarabağ Qorbaçovun əli ilə ermənilərə verilmək istəyəndə Oljas Süleymenov kimi ziyalıları bizə qahmar çıxartdırmağı bacarmışdı. Siz o adamın kitabını yandırmaq istəyirsiniz ki, hələ uşaq ikən onun dərc etdirdiyi “Qobustan” jurnalının dəyərləri ilə böyümüşəm, indi neçə milyonluq erməni də azərbaycançılıq ideologiyamı sarsıda bilməz. Əgər yandırmq təşəbbüsündə belə ciddisinizsə, onda erməniləri sevindirən, Avropa təşkilatlarında əleyhimizə istifadə edilən Əkrəm Əylislinin niyə “Daş yuxular”ı yandırılmır?

Bolşeviklərlə faşistləri anladıq ki, bunu ideologiya naminə ediblər. Amma burda söhbət tamam başqa amildən gedir. Burda şəxsə nifrət əsas götürülür. Belə nifrətə görə tarix boyu kitab yandırmaya rast gəlinməyib. 

Kitab yandırmaq dünyanın dəhşətli cinayətləri siyahısında ilk yerlərdən birini tutur. Kitab yandırmaq hüquqi dövlətin sakinləri üçün rüsvayedici addımdır. Bir azdan yəqin cadugərlər də alovda yandırılar. Müasir dövrün inkvizitorluğu nədənsə yandırmadan başlayır. Əvvəlcə özünü içində yandırırsan, sonra kitablara və adamlara keçirsən. Bunları gənclər edəndə isə...Nə isə.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi