Yandırılan azərbaycanlının şəxsiyyəti məlum oldu

yandirilan-azerbaycanlinin-sexsiyyeti-melum-oldu
Oxunma sayı: 645

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə 2-ci katibi Asim Osmanovun APA-ya verdiyi məlumata görə, bu 1956-cı il təvəllüdlü Hidayətov Şahin Rza oğludur. Səfirlik rəsmisinin Ukrayna daxili işlər nazirliyi Xerson vilayəti İdarəsinə istinadən bildirdiyinə görə, hadisə 23 dekabr tarixində baş verib.

Tikintisi başa çatmayan binada gözətçi işləyən şəxs aptekdən 70 dərəcəli spirt alaraq daxilə qəbul edib və ürəyi dayanıb. Həmin vaxt o siqaret çəkirmiş və yanma hadisəsi öldükdən sonra baş verib.

Asim Osmanovun sözlərinə görə, o, Xarkov şəhər Dmitri 14 ünvanında pasport qeydiyyatında olub.

Qeyri-rəsmi məlumata görə, Şahin Hidayətov vaxtilə Bərdə rayonunda yaşayıb. O ukraynalı qadınla qeyri-rəsmi nikahla yaşayırmış.

Asim Osmanov hadisə ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, hadisənin baş verməsində heç bir milli zəmin olmayıb və tamamilə qəza hadisəsidir.

Qeyd edək ki, Ukraynanın Tavriya News agentliyi Ukraynanın Xerson şəhərində bir azərbaycanlı şəxsin yarımçıq qalan tikilidə stula bağlı, yanmış halda meyitinin aşkar olunması barədə xəbər vermişdi. Hadisənin milli zəmində baş verməsi ehtimal edilirdi.