Yanğında ölən 2 qardaş kimdir? - Video + Yenilənib

yanginda-olen-2-qardas-kimdir
Oxunma sayı: 1853

Binəqədi rayonunda yerləşən beşmərtəbəli binaların birində yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Qafqazinfo”ya bildirib ki, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub:

“Yanğın binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində başlayıb. Aşağı mərtəbələrin sakinləri özləri binanı tərk ediblər, yuxarı mərtəbələrdə yaşayanlar isə FHN əməkdaşları tərəfindən təxliyyə olunub. Xəsarət alanlar haqda hələ ki, məlumat yoxdur. Ətrafdakı tikililər yanğından mühafizə olunub”. 

***

APA-nın məlumatına görə, yanğında iki qardaş ölüb. Onların kimliyi dəqiqləşdirlir.

***

FHN yanğınla bağlı geniş məlumat yayıb. Bildirilir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus 1 otaqlı mənzilin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 2 nəfərin yanmış meyiti aşkar olunub, 2 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib. Digər mənzillər yanğından mühafizə olunub.

***

"Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib".
 
APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
 
Onun sözlərinə görə, dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb.
 
"Yanğının sondürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib", - deyə polkovnik bildirib.
 
FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: "Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək".
 
Mənzildə olan şəxslərin tüstüdən zəhərlənməsi və ya yanaraq ölməsinə gəlincə isə, R. Xudiyev bunun ekspertiza nəticəsində müəyyən olunacağını deyib.