“Yanğının səbəbləri araşdırılır, günahkarlar cəzalandırılacaq” - Baş nazirin müavini

“Yanğının səbəbləri araşdırılır, günahkarlar cəzalandırılacaq”
Oxunma sayı: 1018

“Prezidentin göstərişinə əsasən və imzaladığı Sərəncamın yerinə yetirilməsi məqsədilə biz bu gün Komissiyanın ilk iclasını keçirdik. Komissiyanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək, onların dəfn mərasimlərini hökumət tərəfindən təşkil etmək və ailələrinə lazımi yardımlar göstərməkdir”.

“Qafqazinfo”nun məlumatına görə, bunu baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.

A. Şərifov qeyd edib ki,  yanaraq ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir:

“Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Onların ailələrinə Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən lazımi kömək göstərilib. Hesab edirəm ki, qalan şəxslərin də şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt tələb edən məsələdir. Bu məsələ ilə əlaqədar aidiyyəti qurumlar, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və Səhiyyə nazirlikləri ciddi işlər aparırlar və onların da şəxsiyyətləri qısa müddətdə müəyyən olunacaq. Həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların dəfn edilmələrinin təşkili bizim birinci məsələmizdir. İkinci məsələ yanğın zamanı sağ qalanların yerləşdirilməsidir. Artıq 30 nəfər ayrı-ayrı xəstəxanalarda yerləşdirilib. Onlardan 18-i evə buraxılıb”.

Baş nazirin müavini vurğulayıb ki, qarşıda duran vacib vəzifələrdən biri də yanğının səbəblərini araşdırmaqdır:

“Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb. Lakin digər versiyalar da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyik. Prezidentin tapşırığına uyğun olaraq, görülən işlərlə əlaqədar mən daim məlumat verəcəyəm. Bütün bu məsələlərlə əlaqədar konkret təkliflər hazırlayacağıq. Yanğının səbəbləri araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq. Artıq Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri tərəfindən birgə araşdırmalar aparılır”.

O deyib ki, mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq:

“Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir. Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. Qeyd edim ki, həlak olan 25 nəfərdən yalnız biri pensiyaçıdır. Tapşırıq verildi ki, həlak olan digər şəxslərin hər biri barədə araşdırma aparılsın və onların ailələrinə qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu yardımlar Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Eyni zamanda, istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimləri dövlət tərəfindən təşkil olunub və olunacaq”.

Abid Şərifov Komissiyanın qarşısında dövlət müəssisələrində, tibb ocaqlarında inventarlaşma işinin aparılaraq xüsusi tədbirlər planının hazırlanması vəzifəsinin də qoyulduğunu bildirib.

O qeyd edib ki, tədbirlər planında qəzalı vəziyyətdə binalar barədə məlumat, fövqəladə hallara, o cümlədən yanğına qarşı görüləcək tədbirlər və digər konstruktiv məsələlər əksini tapacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi