YAP ağac əkdi

yap-agac-ekdi
Oxunma sayı: 645

YAP sədrinin müavini - icraçı katibi Əli Əhmədov aksiya zamanı jurnalistlərə bildirib ki, YAP yalnız ölkənin siyasi həyatında iştirakla öz fəaliyyətini məhdudlaşdırmır. "YAP siyasi həyatda yüksək mövqe tutmaqla yanaşı, ölkənin ictimai həyatında da fəallıq nümayiş etdirir, müxtəlif aksiyalar keçirir, quruculuq, yaradıcılıq işlərinə dəstək verir. Bütün bunlar YAP-ın geniş və çoxşaxəli fəaliyyətinin göstəricisidir", - Əhmədov deyib. O qeyd edib ki, ağacəkmə aksiyası Bakının ekoloji təmizliyinə xidmət edir. Əhmədovun sözlərinə gün ərzində 2 mindən çox ağac əkiləcək.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova isə aksiya zamanı bildirib ki, YAP-ın 20 illik yubileyi ərəfəsində ağacəkmə aksiyasının keçirilməsinin əhəmiyyəti böyükdür.

"YAP bütün fəaliyyətini xalqın, dövlətin maraqlarına xidmət üzərində qurub və məhz bu xidmət nəticəsində hər zaman xalqın dəstəyini alıb", - Muradova deyib. Onun sözlərinə görə, bu gün əkilən ağaclar Bakının yaşıllaşmasına böyük töhfə verəcək.

YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov aksiya zamanı bildirib ki, bu günlərdə Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir. Partiya üzvlərinin keçirdiyi ağacəkmə aksiyası belə çoxsaylı tədbirlərdən biridir. Nazir qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar ümummilli lider Heydər Əliyevin və onun tərəfindən yaradılmış YAP-ın fəliyyəti ilə bağlıdır.

Ağacəkmə aksiyasında, həmçinin Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP fəalları, Milli Məclisin deputatları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aksiya Nərimanov rayonu ərazisində xüsusi olaraq yaşıllıq salınması üçün ayrılmış ərazidə keçirilib və 2 mindən çox ağac əkilib, həmçinin ərazidə təmizlik-abadlıq işləri aparılıb.