YAP-ın 2011 yekunları

yap-in-2011-yekunlari
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı həyata keçirdiyi siyasət 2011-ci ildə də öz bəhrəsini verib. Bu il Azərbaycanın mədəni həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında ən mühüm hadisələrdən biri “Eurovision-2011” mahnı yarışmasında ölkəmizin qələbə qazanması olub: “Çox təqdirəlayiq haldır ki, dördüncü cəhddə Azərbaycan bu mahnı yarışmasının qalibi oldu. Həmin qələbənin ölkəmiz üçün mənəvi, psixoloji, ideoloji əhəmiyyəti vardır. Bu qələbə, həmçinin bizə düşmənçilik edən, ərazilərimizi işğal edən Ermənistan üzərində Azərbaycanın üstünlüyünü bir daha nümayiş etdirdi”.

Deputat qeyd edib ki, bu il sosial-iqtisadi sahələrdə də müsbət nəticələr qazanılıb: “Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən proqram da mühüm nəticələr verib. Belə ki, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsi 8 faiz civarındadır və bu, çox vacib göstəricidir.”

“Bu il ölkəmiz beynəlxalq aləmdə də öz imicini möhkəmləndirib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımız, müstəqil dövlətimiz üçün çox ciddi və əhəmiyyətli hadisə kimi yadda qalıb. 155 dövlətin Azərbaycana səs verməsi, ölkəmizin iki il ərzində bu təşkilata üzv olması diplomatiyamızın hücumçu xəttinin ən uğurlu nəticələrindən biridir.” O, Dağlıq Qarabağ probleminin həll edilməməsinin başlıca səbəbi kimi Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi, digər tərəfdən işğalçı dövləti bəzi dairələrin himayə etməsini göstərib.

Onun sözlərinə görə, keçid dövrünü başa vuran Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz qarşıdakı dövrlərdə də yeni-yeni nailiyyətlər ələdə edəcəyini bildirib.