YAP rəsmisindən Zara ilə bağlı açıqlama

yap-resmisinden-zara-ile-bagli-aciqlama
Oxunma sayı: 6790

“Bu gün bəzi “maraqlı dairələr” Azərbaycanda baş verən hadisələri özlərinə sərf edən formada şərh etməyə çalışır, həm daxildə, həm də xaricdə ölkəmizin müsbət imicinə kölgə salmağa cəhd edirlər. Artıq ənənə halını alan və ölkəmizdə keçirilən “Jara” musiqi festivalı ilə bağlı son günlər aparılan müzakirələr də bu kampaniyanın tərkib hissəsidir. Festivalın iştirakçısı, rusiyalı müğənni, guya milliyyətcə erməni olan Zara ilə bağlı sosial şəbəkələrdə kampaniya aparılır, onun ölkəmizə gəlməsinin yolverilməz olduğu bildirilir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim edilir: “Ölkəmiz tarixən müxtəlif millətlərin sülh, təhlükəsiz və mehriban şəraitdə yaşadığı məkan olub. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı adını daşıyan hər kəsə eyni qayğı, diqqət və münasibət göstərilib. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də tolerantlıq və multikulturalizmlə bağlıdır. Bu mənada “Jara” musiqi festivalı ilə bağlı sosial şəbəkələrdə aparılan xoşəgəlməz müzakirələr ölkəmizin tolerant imicinə mənfi təsir edən amildir. 

Əgər kimlərsə Ermənistanda doğulan bir müğənninin ölkəmizə gəlməsinə bu qədər sərt etiraz edirsə, onda dediklərimizə kim inanar? Dağlıq Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyi necə təmin edilər? Hesab edirəm ki, bu cür məsələlərə daha geniş prizmadan baxmaq lazımdır”.