YAP üçün yeni bina

yap-ucun-yeni-bina
Oxunma sayı: 655

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Ona məlumat verildi ki, inzibati bina Qax şəhərinin Heydər Əliyev prospektində yerləşir. Binanın tikintisinə 2010-cu ilin yanvar ayında başlanılmışdır. Ətrafda əsaslı abadlıq işləri görülmüş, yaşıllıqlar salınıb. Ümumi sahəsi 512 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşə də vardır. İnformasiya-kommunikasiya texnologiyalarının da tətbiq edildiyi yeni binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Binada müasir havalandırma sistemi quraşdırılıb.

Bildirildi ki, 1993-cu il sentyabrın 19-da 128 nümayəndənin iştirakı ilə YAP Qax rayon təşkilatının ilk təsis konfransı keçirilib. Qax rayon təşkilatı YAP-ın rayon və şəhər təşkilatlarının yaranma tarixinə görə yeddinci qurumdur. Hazırda rayon təşkilatının 3 min 415 üzvü vardır. Onların 51 faizini qadınlar, 41 faizini isə gənclər təşkil edir. YAP Qax rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Hazırda rayonda fəaliyyət göstərən bələdiyyələrin tərkibində 119 nəfər YAP üzvü çalışır.

Dövlətimizin başçısı konfrans zalına baxdı.

Sonra Azərbaycan Prezidenti binanın balkonundan ətrafı seyr etdi. Dövlətimizin başçısına binanın ətrafında salınan Gənclik parkında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, ətraf ərazidə gənclər üçün yaşayış massivi də yaradılacaq.

Prezident İlham Əliyev yeni inzibati binanın açılışı münasibətilə təbriklərini çatdırdı.