“Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb” - Nazir

yaponiya-azerbaycan-iqtisadiyyatina-7-milyard-dollara-yaxin-investisiya-yatirib
Oxunma sayı: 2228

İqtisadiyyat naziri Şahin Mustafayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru Kazuhiko Tanaka ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. O bildirib ki, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycan iqtisadiyyatına 7 mlrd. ABŞ dollarına yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib. 

İqtisadiyyat naziri ölkəmizin Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, Bankın “STAR” neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. Məlumat verilib ki, bu ilin sonunadək “STAR” neft emalı kompleksinin tikintisi layihəsi başa çatdırılacaq. 

Kazuhiko Tanaka ölkəmizə səfərindən məmnunluğunu bildirərək Bankın fəaliyyəti barədə məlumat verib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.