Yaponiya səfiri Lənkəranda olub

yaponiya-sefiri-lenkeranda-olub
Oxunma sayı: 701

Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Teruyuki Katori Lənkəranda olub. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, icra başçısı Taleh Qaraşov Lənkəran rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, turizm potensialı barədə ətraflı məlumat verib. Son illərdə Lənkəranda bir sıra sosial əhəmiyyətli obyektlərin tikilərək istifadəyə verildiyini, rayonun kənd təsərrüfatında çayçılıq, çəltikçilik, sitrusçuliq kimi sahələrin aparıcı mövqe tutduğunu qeyd edən İcra başçısı həmçinin Yaponiya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin ildən-ilə  genişləndiyini və bu əlaqələr çərçivəsində Yaponiya səfirliyinin  həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. 

Daha sonra Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində “Lənkəran rayonunun Türkəncil kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin imzalanma mərasimi keçirilib.  Müqaviləni səfir Teruyuki Katori, layihəni həyata keçirəcək yerli QHT “Qlobal-Humanitar təşkilatı” İctimai Birliyinin rəhbəri İlham Tahirli imzalayıb.  

Qeyd edək ki, qrant yardımı çərçivəsində Lənkəran rayonunun Türkəncil kəndində içməli su təchizatınin tikintisi layihəsinin ümumi məbləği 89,131 ABŞ dolları təşkil edəcək. Bu, Lənkəran rayonunda “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca 6-cı layihədir.