Yaqub Mahmudov Azərbaycan Universitetində ustad dərsi keçib

yaqub-mahmudov-azerbaycan-universitetinde-ustad-dersi-kecib
Oxunma sayı: 881

AMEA-nın həqiqi üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, millət vəkili, akademik Yaqub Mahmudov Azərbaycan Universitetinin tələbələrinə “Müasir dövrdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda ustad dərsi keçib. 

“Qafqazinfo”nun məlumatına görə, akademik məruzəsində Azərbaycan tarix elmindəki mövcud vəziyyət və rəhbəri olduğu Tarix İnstitutunda görülən işlər haqqında danışıb.

Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə göstərdiyi xüsusi diqqət və qayğı  Tarix İnstitutu təfəfindən yeni fundamental tədqiqatların aparılmasına və layihələrin həyata keçirilməsinə səbəb olub. Ölkə başçısının çağırış, tövsiyə və tapşırıqları ilə institut tərəfindən son illərdə Azərbaycan tarixinə dair 300-dən çox əsər və sənədlər toplusu nəşr olunub. Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixinə dair silsilə əsərlər hazırlanıb və müxtəlif xarici dillərə tərcümə edilərək dünyada yayılıb. 

Tələbələri təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştiraka səsləyən akademik deyib: “Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqları idarə edən xalq olub.”
Yaqub Mahmudov məruzəsində qeyd edib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur, başqa xalqlara yem olacaq və tarix səhnəsindən silinəcəkdir. Tarixinə sahib çıxan xalq isə yenilməzdir. Gənclər dövlətçilik tariximizi öyrənməli, tarixi şəxsiyyətlərimizi, milli-mənəvi irsimizi qorumalı və ona sahib çıxmalıdır. 

Rektor Səadət Əliyeva, ictimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyev dəvəti qəbul etdiyi üçün akademikə təşəkkür ediblər. 

Tədbir çərçivəsində akademik Yaqub Mahmudovun və Tarix İnstitutu tərəfindən çap olunan əsərlərin sərgisi də təşkil olunub. Tədbirdən sonra 300 adda 2 min kitab Azərbaycan Universitetinin kitabxanasına hədiyyə olunub.