Yasamalda birinci rüblə bağlı hesabat iclası - Foto

yasamalda-birinci-ruble-bagli-hesabat-iclasi
Oxunma sayı: 1351

Yasamal rayonunda birinci rüblə bağlı hesabat iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, 2019-cu ilin birinci rübündə respublikada həyata keçirilən islahatlar Yasamal rayonunun da iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərib.

Birinci rübdə Yasamal rayon Məşğulluq Mərkəzinə 1205 nəfər müraciət edib, onların 997 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınıb, onlardan 687 nəfər daimi işlə təmin edilib. I rübdə ictimai işlərə cəlb olunmaları üçün Yasamal rayonuna 955 sosial işçi ştat vahidi verilib.

Cari ilin əvvəlindən başlayaraq Yeni Yasamal-2 yaşayış massivində 4 və 5, 8 və 9 nömrəli evlərin, Parlament prospekti 2, 4 və 6 B nömrəli evlərin qarşısında, Talıblı küçəsi 36, 40 və 42, H.Zərdabi küçəsi 77, 81, 81 A və 87 nömrəli evlərin ətrafında abadlıq işlərinə başlanılıb. 

Qanunsuz tikililərə qarşı mübarizə tədbirləri davam etdirilərək A.M.Şərifzadə küçəsində Texniki Universitetin tələbə şəhərciyinin ərazisində 12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülü, zəbt edilmiş böyük bir ərazidə metal çəpərlər ləğv edilərək ərazi təmizlənib.

“Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən uğurla başa çatdırılmaq üzrədir.

Prezident yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissısində 11,6 hektar torpaq sahəsində tikinti işləri davam etdirilir.

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində 160 yerlik 11 nömrəli körpələr evi-uşaq bağçası sökülərək 200 yerlik yeni, daha müasir, azyaşlıların hərtərəfli inkişafına və komfort şəraitdə saxlanmalarına imkan verən məktəbəqədər müəssisənin inşası başa çatdırılıb.

Hesabat iclasında Pediatriya Elmi-Tədqiqat İnstitutunun direktoru Nəsib Quliyev, Yasamal rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov, Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinin müdiri Xalis Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Niyaz Əliyev məruzə ətrafında çıxışlar ediblər. Hesabat iclasının sonunda Yasamal rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın qərar layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub.