Yasamalda Novruz bayramı qeyd edildi - Foto

yasamalda-novruz-bayrami-qeyd-edildi
Oxunma sayı: 1442

Martın 19-da Akim Abbasov küçəsində yerləşən Yasamal istirahət parkında Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının təşkilatçılığı ilə ilaxır çərşənbə və Novruz bayramı qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının, rayon bələdiyyəsinin rəhbərləri, rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər. Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq oyunlarını özündə əks etdirən maraqlı proqram tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb. 

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ağalar Bayramovun ifasında Dədə Qorqud obrazının canlandırılması bayram şənliyini daha da təsirləndirib. Martın 15-dən 18-dək Naxçıvan Muxtar Respublikasında səfərində olmuş təhsildə xüsusi nailiyyətləri olan Yasamal rayon məktəblilərinin Novruz şənliyində iştirakı maraqla qarşılanıb.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və rayon Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq təqdim edilən konsert proqramı şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə və xoş ovqat yaradıb. Konsert proqramında yeniyetmə və gənc istedadlarla bərabər bir çox tanınmış sənətçilər də çıxış ediblər.