Yasamalda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi - Foto

yasamalda-silahli-quvveler-gunu-munasibetile-tedbir-kecirildi
Oxunma sayı: 1307

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 24 iyunda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 iyun- Silahlı Qüvvələri günü münasibətilə bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir açıq elan edildikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbir iştirakçılarını salamlayıb və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçularının timsalında hərbçiləri qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə təbrik edib, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə uğurlar arzulayıb. Əziz Əzizov bildirib ki, Azərbaycan ordusu indi regionun ən güclü ordusu olmaqla yüksək peşəkar əsgər və zabit heyətinə malikdir.

Sonra rayon yeniyetmə və gəncləri arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə və “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü” ilə əlaqədar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin bir qrup hərbi qulluqçusu Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra populyar ifaçıların iştirakı ilə geniş konsert proqramı nümayiş etdirilib.

Bayram tədbirində Millət Vəkili Ülvi Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Polad İbrahimov, “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev və digər şəxslər iştirak edib.