Yaxşı ağladan molla axtarıram

yaxsi-agladan-molla-axtariram-
Oxunma sayı: 2438

Ən əvvəl qadın məclisini idarə edən mollaxanımdan başlamaq istəyərdim. Bu mollaxanım yaxşı məclis aparmaq qabiliyyətinə görə seçilən, hörmət qazanan birisidir. Onun qabiliyyəti hamını ağlada bilmək bacarığıyla ölçülür. Elə bu hüzrdə də onun əsas məqsədi belə idi. Qadın Quran ayələrindən ara-sıra oxuyurdu. Amma o ərəb dilində( doğru oxuduğunu bir Allah bilirdi) dediklərindən dinləyicilərinə izahat vermirdi, çünki heç özü də tam bilmirdi. Kiril əlifbasıyla azərbaycan hərfləriylə yazılmış ərəbcə sözlər vəziyyətin nə yerdə olduğundan xəbər verirdi. Amma mollaxanımın özüylə gəzdirdiyi mikrofonundan çıxan səsindən özünə əminliyi hiss olunurdu. O, qarşısındakıların düşüncəsinə yaxşı bələd idi. Ayələrin ardınca ağıya keçirdi. Elə ağı deyirdi ki, özünü də ağlamaq tuturdu. Hamı da bir-birinə baxıb ağlamağa həvəslənirdi. Arada mollabacı “ağlayın, doyunca ağlayın, içinizi boşaldın” deyə-deyə yas əhlini əlinə almışdı. Ağlamayana birtəhər baxırdılar. Bəs mən niyə ağlaya bilmirdim? Həmin vaxt bu səhnə, molla, məclisdəkilər ötən əsrin əvvəlində yaşıyıb yaradan böyük publisistlərin əsərlərinin qəhrəmanlarını xatırladırdı. Ancaq bir sualın cavabını axtarırdım. Bir əsrdən çox vaxtda insanımızın düşüncəsi bu qədərmi sabit qalıb? Bunun adı cəhalətdirmi? Yaxınını, doğmasını itirmək böyük acıdır, bu acıya hörmətim sonsuzdur. Amma hüzr məclisini yaxşı ağladan molla ilə yola vermək nə deməkdir? Əslində məclisi aparacaq şəxs məclis insanına, yiyəsinə “səbir etmək, səbirli olmaq” kimi vacib tövsiyyə ilə təsəlli verməli, islam dininin gözəlliklərindən danışmalıdır. Yoxsa bizim mollaxanım kimi özünü paralayan, fəryad edən ölü sahibinə kənardan tamaşa etmək nədir? Mollalarımız da el şənlikləri kimi vaxtla, pulla “iş”ini görürlər. Söhbəti gedən xanım ölmüş insanın 3-ü və 7-si üçün( təzədir deyə) 100 manat, 40-ı, ili üçünsə 50-70 manat pul alır. Bu qonarar müəyyən saat ərzində nəzərdə tutularaq ödənilir. Vaxtla işləməsi, mollaxanımın hər 15-20 dəqiqədən bir qol saatına baxmasından sezilirdi.

Bəli, bu əsrdə çoxu hələ də islamın yas tutmaq, matəm saxlamaq dini olmadığını bilmir. Dinlədiyim tanınmış ilahiyyatçılar(türkiyəli dinşünaslar) hədisi-şərifə əsaslanaraq, islamda yas tutmağın doğru olmadığını deyirlər. Üç gündən artıq tutulan yas haram sayılır. Ölü üçün fəryad etmək, özünü paralamaq-nevha da günahdır. Ağlamaq insanın mərhəmətinin, şəfqətinin təzahürüdür. Bu təbiidir. Amma yaxınını itirmiş insanın bağıraraq ağlaması Allaha qarşı üsyan sayılır və hədislərdən birində deyildiyi kimi “ölmüş insanın əzab çəkməsi” deməkdir. Bunları deməkdə məqsədim odur ki, əgər biz islam dinindən ilham alaraq hüzr məclisləri qururuqsa, heç olmazsa dini anlayanın, insanlara rahatlaıq verən şəxslərin qarşına keçib onlara qulaq asmalıyıq. Adını molla qoyub pul qazanmaq məqsədiylə gözündən məcburi yaş çıxaranlardan uzaq durmalıyıq. Nə bilim bizimkilər ağlamaqda da səmimiyyət göstərmirlər. Balaca məsələ deyil ha bu? Axı molla nə üçün ancaq qəbirstanlıqda, yas yerində bizə lazım olur? Çünki o molla adını daşıyır? Molla bir neçə ayəni kor-koranə əzbərləyən şəxsdir ki, ona da qiymət hələ vaxtiylə “Molla Nəsrəddin”də verilmişdi.

Ardınca “Kirpi” jurnalında da bu məsələ qaldırılırdı. Misal üçün “Kirpi”də (1968-ci ildə) bir şeirdə də bu fikir yaxşıca verilmişdi. Şeir parçasının müəllifi Əsgər Heybətovdur.

Molla əmi az ye avam aşını,
Tulla fırıldaqçılığın daşını.
Sən həmişə müftə yeyib yatmısan,
Bir duanı 10 manata satmısan,
Harda xam olsa tapıb aldatmısan,
Hiylə ilə qablama farmaşını.
Tulla fırıldaqçılığın daşın.

Bu fikirləri ateistin qeydləri kimi qiymətləndirən də olacaq. Amma burada bu məqsəd yoxdur. Molla adını daşıyan bir qisim “peşə”sahibləri məsələnin fərqinə varırlar.

P.S. İndi illərdir, yasa çevirdiyimiz məhərrəm ayını yaşayırıq. Aşura günü yaxınlaşır. Həmin gün o mollaların günü olacaq. Yenə camaat qarşısında islam dinindən uzaq başqa meyarları çatdıran, kor-koranə dini yozmalar səsləndiriləcək. Bizim əsil islam dini haqqında öyrənməyə və eşitməyə ehtiyacımız var. Qəbul edək ki, din haqqında doğru bilikləri ala
biləcəyimiz mənbələrimiz, dinşünaslarımız çox azdır. Hələ ki, cəhalətə uduzuruq. Deyim niyə? Əsrlər əvvəl baş vermiş müsibətə hələ də göz yaşı axıdanımız var, islamdakı şəhadət gününü matəmə çevirib ona qara don geydirənimiz var. Bu ayda gülməyi qadağan edənlərimiz var və s.
Öyrənə biliriksə əsil dini öyrənək, ya da dinməz qalaq.