Yaxşı müəllim və pis müəllim

yaxsi-muellim-ve-pis-muellim
Oxunma sayı: 4003

Nadir Qocabəyli

Mətləbə təhslin millətin, dövlətin, cəmiyyətin həyatında hansı önəm daşıdığını izah etmədən keçəcəyəm.

Üçüncü sinifdə oxuyan oğlumun sinif müəlliminin müvəqqəti olaraq dəyişilməsi uşağın davranışında əməlli-başlı dönüş yaradıb. Əvvəllər dərslərini güclə hazırlatdırdığımız halda, indi heç bir söz demədən könüllü şəkildə və böyük həvəslə kitab-dəftərlərini qarşısına töküb, hazırlaşır.

Yeni müəllimini də elə hey dil boğaza qoymadan tərifləyir: “Elə yaxşı müəllimədir ki... Üstümüzə qışqırmır, dərsi elə izah edir ki, çətinlik çəkmədən başa düşürəm, başa düşməyəndə vurmur. Qiymətlərimi kəsmir və mənə deyir ki, çox ağıllı oğlansan, sakit uşaqsan...”

Doğrudan da, yeni müəllimə gələndən uşağın gündəliyi “yaxşı” və “əla” qiymətlərlə dolub. Amma əvvəllər çoxlu “3” və arabir də “2” alırdı. Bunun səbəbini isə əlavə hazırlığa getmədiyi üçün müəllimənin ona qərəzli yanaşmasıyla izah edirdi. Bəlkə də, yanılırdı, amma hər halda belə düşünürdü.

Bir dəfə müəllimə ilə bu haqda söhbət də etdim, ancaq vəziyyət dəyişmədi...

Doğrudan da, yaxşı müəllim, təcrübəli pedaqoq az-az ələ düşür, bizim ölkəmizdə isə ümumiyyətlə nadir hadisə sayıla bilər. Səbəbləri haqda çox deyib, çox yazmışıq. Kökünü cəmiyyətimizin ümumi səviyyəsində, orta və ali təhsilimizin ümumən keyfiyyətsizliyində, üstəgəl ölkədəki iqtisadi durumda və əxlaqın, mənəviyyatın deqradasiyaya uğramasında axtarmaq lazımdır.
Özü də bu problem bizdə heç də yeni deyil. Hətta mədəni-mənəvi mühitin indikindən qat-qat yaxşı olduğu sovet dönəmində də milli təhsilimizdə çox ciddi problemlər vardı. Ona görə “milli” yazdım ki, rus bölmələrindəki tədris də, pedaqoqlar da xeyli üstün idi.

Fikrimi əsaslandırmaq üçün daha bir neçə xırda misal çəkəcəyəm. Belə hallarla, yəqin ki, çoxumuz üzləşmişik. Oğlum kimi, mənim də orta məktəbdə sevimli müəllimlərim vardı. İngilis dilini tədris edən Abbasova Mahirə müəllimə bizə hər gün rus bölməsinin daha keyfiyyətli dərslikləri əsasında pusuz əlavə dərs keçirdi. Bunun sayəsində mən bir ilə öyrəndiklərimi, o bizim məktəbi tərk edib getdikdən sonrakı beş ildə öyrənə bilmədim. Çünki ondan sonrakı müəllimlərin özləri də, üsulları da, metodikaları da maraqsız və anlaşılmaz idi. Kimyadan dərs deyən və məndə öz fənninə qarşı böyük maraq oyadan Abidət müəllimə bir ildən sonra analıq məzuniyyətinə çıxdı və biz məktəbimizdə həm də dərs hissə müdiri olan müəllimin əlinə keçdik. İnanın ki, sonrakı dörd ildə bir ildə öyrəndiklərim də yadımdan çıxdı. Eyni şeyi çox çətinliklə dərk etdiyim riyaziyyat fənni haqqında da söyləyə bilərəm. Dördüncü və beşinci sinifdə bu fənni bizə məktəbimizin yaşlı və zəhmli direktoru Aslan müəllim tədris edirdi. Məsələləri, tənlikləri yazı taxtasında elə aramla yazır, elə izah edirdi ki, istər-istəməz dərk eləməyə çalışır və mənimsəyirdim. Hətta arada dayanıb, şagirdlərdən birini qaldırır və soruşurdu: “Başa düşdün?” “Bəli, müəllim!” cavabı verənə deyirdi ki, “de görüm, nə başa düşdün?” Əgər o şagird səhv cavab versəydi, yenidən izah edirdi. Mən o müəllimdən həqiqi, yəni zərrə qədər şişirdilməmiş “yaxşı” alırdım. O bizim sinifdə, ancaq riyaziyyatdan fitri qabiliyyətə malik olan bir nəfərə “beş” yazırdı və biz “dörd” alanlar da ona çatmağa çalışırdıq.

Ancaq altıncı sinifdə bizi BDU-dan yenicə məzun olmuş gənc müəllimə verdilər. Bununla da riyaziyyata birdəfəlik əlvida dedik. O bizi təkcə riyaziyyatdan yox, fizika və astronomiyadan da şikəst elədi. Doğrudur, o mənə hər üç fəndən “əla” yazırdı, amma o “beşlər” əvvəlki müəllimimin verdiyi “dörddən” qat-qat qiymətsiz idilər.

Bir şərhsiz misal da rus pedaqoqlarla azərbaycanlı müəllimlər arasındakı fərqi anlamaq üçün, məncə, faydalı olar:

Atam bacılarımdan birini rus bölməsinə qoymuşdu. Ancaq bir il oxuduqdan sonra qonum-qonşunun “qız uşağı rusca oxumaz” məsləhəti və səhv etmirəmsə, bacımın Azərbaycan bölməsinə göstərdiyi xüsusi maraq onu milli sektora keçirməyimizə səbəb oldu. Bacım sonralar danışırdı ki, rus bölməsində onlara dərs deyən Vera Petrovna adlı yaşlı müəllimə onu hər dəfə dərsi danışmaq üçün yazı taxtasının qarşısına çıxaranda, karıxmaması, sıxılmaması üçün yanına çağırıb qucaqlayır, saçlarını sığallayır, yadından çıxan yerləri nəvazişlə xatırladırmış.

Buna adət edən bacım Azərbaycan bölməsinə keçdikdən sonra müəllimə onu ilk dəfə dərsi danışmağa çağıranda, yazı taxtasının qarşısına çıxır. Arada nəyisə unudan uşaq bu zaman qeyri-ixtiyari yeni müəlliməyə yaxınlaşır ki, onun nəvazişləri sayəsində yaddan çıxardığı yeri xatırlasın.

Bundan hirslənən müəllimə səkkiz yaşlı uşağın üstünə qışqırır: “Aaz, nədi, qarnıma girəcəksən? Dərsini danış da...”

P. S. Yazıda mənfi mənada xatırladığım müəllimlərin adını çəkmədim. Çünki bəziləri artıq həyatda olmadığından, övladlarının inciməsini istəmədim. Həm də ki, həyatda yaxşılar daha çox xatırlanır.