“Yaxşı öyrənin ki, işiniz yaxşı getsin”

yaxsi-oyrenin-ki-isiniz-yaxsi-getsin-
Oxunma sayı: 644

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusarda Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak edib. Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

“Qafqazinfo”nun məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki,
Şahdağ qış-yay turizm kompleksinin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanıb. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub. Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan kompleks bütün il boyu fəaliyyət göstərəcək. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Sonra məlumat verilib ki, ikimərtəbəli “Zirvə” otelinin ərazisində xüsusi dizaynla abadlaşdırma işləri görülüb, yaşıllıq zolağı salınıb. Azərbaycan Prezidenti və xanımı otelin eyvanından ərazini seyr edərək görülən işlərlə tanış olublar.

Sonra otelin konfrans zalına gələn Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda burada kompleksdə çalışacaq heyətin hazırlanması üçün treninqlərə başlanıb. İndiyədək 160 yerli mütəxəssis kurslara cəlb olunub.

Dövlət başçısı treninq iştirakçıları ilə görüşərək deyib:

- Treninqdə iştirak edənlərin hamısı yerli gənclərdir, rayonun sakinləridir. Yaxşı öyrənin ki, yaxşı mütəxəssis olasınız və yaxşı xidmət göstərəsiniz, ümumiyyətlə işiniz yaxşı getsin.

VİP nömrədə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev daha sonra otelin tibb mərkəzinə gəlib.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otelə gələn turistlər üçün xüsusi olaraq yaradılmış idman mağazasında olublar.