Yazıçı sərsəmləməsi və qəzəbli kütlə...

yazici-sersemlemesi-ve-qezebli-kutle
Oxunma sayı: 2416

Qan Turalı 


Son illərdə sosial medianın ortaya çıxması və güclənməsi ilə linç mədəniyyəti də bir xeyli inkişaf etmişdir.

Müxtəlif ölkələrin qanunvericiliyinə bu barədə müvafiq maddələr əlavə olunur.

Əvvəllər belə deyildi.

Sosial linçə çox adam qoşula bilmirdi, xalq belələrini daha çox şifahi söhbətlərdə qınayırdı.

Sosial media insanlara yazmaq imkanı verib.

Baxırsan, xüsusən səhifələrdə insanlar necə amansız olurlar.

Psixoloqlar buna şəxsiyyətin ikiləşməsi deyir. 

Adi bir ev qadını orda tamam əli qılıncı cəllada çevrilir.

Son illərdə sosial linçə kimlər tuş gəlməyib ki?

Müğənnilər, deputatlar, yazıçılar, aparıcılar...

Əlbəttə, situasiya budursa insanlar da gərək dedikləri sözə, yazdıqları ifadəyə daha çox diqqət versinlər, üç düşünüb bir yazsınlar.

Yazmaq deyəndə ki, söz adamları da bu linçin qurbanına çevrilirlər.

Daha çox bu haqda yazmaq istəyirəm.

Demirəm onlar haqlıdırlar, onlara toxunmaq olmaz, onlara söz demək olmaz. 

Bilmirəm, kimsə demişdi ki, ədəbiyyat adamlarının ədəbiyyatdan başqa heç bir yazdığına, dediyinə fikir verməyin.

Bu fikir bizdə həqiqət kimi görünür. 

Çünki bəzən yazıçılar sözün həqiqi mənasında sərsəmləyə bilirlər.

Tutaq ki, götürüb ictimai bir personaj, klassik bir yazıçı, ya da adicə bir mövzu ətrafında elə bir mövqe ortaya qoyurlar ki, o mövqeni bir batman balla da yemək olmur.

Misallar verə bilərəm, lakin məsələ aydındır. 

Və insanlar da onlara elə təhqirlər yazır ki, yazıçının dediyi bir az fərqli mövqe, bir az sərt, solaxay bir fikir dönüb məsum bir şeyə çevrilir.

(Bu yerdə bir adam da mütləq durub deməlidir ki, Yazıçılar Birliyi hara baxır? Halbuki Yazıçılar Birliyi uzun illərdir ki, heç hara baxmır)

Bir az da bəlkə mövzuya yazıçının konteksindən baxmağa ehtiyac var.

Biz doğrudan da ədəbiyyat oxuyuruqmu?

Yazıçının yazdığı bizi maraqlandırmı?

Onun yaradıcılığa qiymət veririkmi?

Gedib onun bir kitabını alırıqmı?

Yoxsa, yazıçı ancaq sərsəmləyəndə yadımıza düşür ki, o yazıçıdır, bunları edə bilməz.

Bəs sizin oxucu kimi, xalq, vətən, millət təəssübkeşi kimi mövqeyiniz nədən ibarətdir?

Elza Seyidcahanın şeirlərinə lağ edən adamların 99 faizi ömründə bircə dəfə də şeir kitabı alıb şeirə, şairə dəstək olmayıb axı. 

Necə asandır, sən öz işində ol, Maşın Şouya bax, avaraçılığını elə, sonra da gir, Facebooka, hansısa şairin bir solaxay statusunu gör, dişinin dibindən çıxanı yaz, sonra da çıx get Xoşqədəmə baxmağa.

Rahat ola bilmərsən, bütün dostların sənin ədəbiyyat uğrunda necə böyük qurbanlar verdiyini, necə böyük bir mücadilə apardığını gördü.

Sən bu Vətənə borcunu verdin.

Bir az dincəl. 

Mandarinini soy, televizoruna bax.

Qətiyyən yazıçıların mövqelərini müdafiə etmək istəmirəm.

Bu hardasa mümkünsüzdür də.

Amma daş atan bir də özünə baxsın.

Hə, bir də, sonda...

Bizim ədəbiyyat klassiklərini bütün yanlışları və doğruları ilə qorumalı olanlar da elə bizlərik, onların bioloji varisləri deyil. 

Xüsusilə bu məsələdə diqqətli olmalıyıq. 

Qalan şeylər düzələndi.