Yazıçı Varisin imza günü keçiriləcək

yazici-varisin-imza-gunu-kecirilecek
Oxunma sayı: 876

Martın 9-da, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən “LİBRAFF” kitab mağazasında yazıçı Varisin (Varis Yolçuyev) "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək.  

“Qafqazinfo” xəbər verir ki, “Uzaqdan gələn yağış” romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə – kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. 

Müəllif əmindir ki, yeni roman gənclərin birnəfəsə oxuyacağı kitab olacaq. 

Onu da qeyd edək ki, bu ilin yanvar ayından satışda olan və artıq kifayət qədər maraq oyada bilən "Uzaqdan gələn yağış" kitabını “LIBRAFF” mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq.
 
Kitab “TEAS Press” Nəşriyyatında nəşr olunub.