Yeddi oğlanın qaçırdığı tələbə necə xilas oldu? - “Onları aldatdım”

Yeddi oğlanın qaçırdığı tələbə necə xilas oldu?
Oxunma sayı: 9862

"Bazar günündən evdəyəm. Oğlan evi məni qaçırıb, İsmayıllıda gizlətmişdi".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Ağcabədi rayonunda qaçırılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva deyib.

Onun sözlərinə görə, hazırda evlərinə qayıdıb: “Evimiz polis nəzarətindədir”.

Sevin Musayevə necə xilas olduğundan da danışıb: “Oğlan evi məni İsmayıllıda gizlətmişdi, oradan da müxtəlif yerlərə aparırdılar. Gördüm məni ailəmə vermək fikirləri yoxdur. Bilirdim ki, valideynlərim narahatdır. Beynimə bir çıxış yolu gəldi. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis şöbəsinə, orada izahat yazım ki, mən öz istəyimlə gəlmişəm. Onlar da mənə inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım. Dedim ki, mən bu oğlanı istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm. Məni xilas edin. Əgər məni onlara versəniz, özümü öldürəcəm. Bunu eşidən polis hadisəni araşdırdı, məni qaçıran oğlanı tutdular”.

Sevinc Musayeva bildirib ki, digər 6 nəfər də axtarışdadır: “Onlar da tutulandan sonra rahat nəfəs alacam və universitetdəki dərslərimə davam edəcəm. Dünən oğlanın ailəsi qapımıza gəlmişdi, amma polisə görə içəri girə bilmədilər. Orada olduğum 8 gün müddətində məni israrla bu izdivaca razı salmağa çalışırdılar. Amma bilirdilər ki, razı deyiləm”.

Qeyd edək ki, fevralın 22-də Ağcabədi rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva qaçırılmışdı. Hadisə qız universitetdən evə qayıdarkən baş vermişdi. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb və qaçırıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi