Yəhudi və azərbaycanlı ananın müqayisəsi

yehudi-ve-azerbaycanli-ananin-muqayisesi
Oxunma sayı: 5765

Azər Qismət

Tanrının yəhudilərə iri beyin və o beyində çoxsaylı qırışları bəxş etməsi barədə adamlarımızın fikirləri yanlışdır. Göy qübbəsinin Yerlə ayrılmasından sonrakı prosesdə yaranan varlığa – insana bərabər şəkildə beyin verilib. Deməli, ağıllı, tədbirli, imkanlı olmaq beyinin quruluşu ilə bağlı deyil. Xarakter fərqliliyinin bünövrəsi ailədən, aşılanan dəyərlərlə qoyulur. Yəhudi ana ilə azərbaycanlı ananın fərqinə nəzər salmaqla, böyük uçurumu müşahidə edərik. 

Yəhudi ana uşağının qulağını məsləhətlərlə doldurmur. Özünün etdiyi hərəkətlərlə nümunə olmağa çalışır: kitab oxuyur, evləri təmiz saxlayır, həftənin müəyyən günlərində ibadət üçün sinaqoqa gedir. Yəhudi şagird dərsdən 2 alıb gələndə həqiqəti açıb söyləyir ki, dünən halı yaxşı olmadığına görə 2 alıb. Anası onun başını tumarlayıb deyir: “Eybi yox, bu gün 2 almısan, sabah 5 alarsan. Əgər xəstə olmasaydın, sən heç vaxt 2 almazdın. Axı, sən 2-yə layiq deyilsən, mənim balam yalnız 5-ə layiqdir”. Yəhudi uşaq ona qarşı inam və etimadı görür, dərsinə yaxşı hazırlaşıb 5 alır. Əlbəttə ki, belə qiymətdən sonra evdə onu daha da tərifləyirlər, Xanuka bayramlarında yaxşı qızarmış kökələri ona yedirdirlər. Yəhudi ana övladına etimad mühiti yaradır. Anladır ki, ailənin gələcək taleyi onun təhsilindən asılıdır. Təkcə təhsili deyil. Yəhudi ana ona gələcəkdə cəmiyyətdə tutacağı mövqeni anladır. Gələcək mövqe isə fikirlərin, düşüncələrin aydın şəkildə ifadə edilməsidir. Yəhudi ana övladına adət-ənənələrə hörməti aşılayır. Bəli, məhz aşılayır. Ona izah etmir ki, ənənəyə hörmət et. Uşaq gözünü açandan ailədə bunu görür: dini bayramlar qeyd edilir, ailə üzvləri kitab oxuyur, sinaqoqa gedir, cəmiyyətdə yalnız nümunəvi tərbiyəsi ilə seçilir. Ailədə o da aşılanır ki, nə qədər imkanlı olursan ol, heç vaxt var-dövlətinlə fəxr etmə. Ümumiyyətlə, varlı olduğunu gizlət. Əlinə düşən mliyyəni pal-paltara xərcləyb fora vermə. Sadəcə pul topla və gələcəyini qur, sərmayə gətirən sahələrə investisiya qoy. Əlbəttə ki, bütün bunlar deyilmir, nümayiş etdirilir. Yəhudi ana heç vaxt uşağını kiminsə yanında danlamır, şəxsiyyətini alçaltmır, hamıya bəyan etmir ki, övladı yarıtmazdır, uşağının təşəbbüsünə gülüb çəpik çalmır. Məhz bu səbəblərdir ki, yəhudilər bütün sahələrdə öndə gedirlər. Ola bilsin ki, kimsə bunu gizli təşkilat, yaxud siyasətlə əlaqələndirəcək. Amma gəlin razılaşaq ki, adi yəhudi peşəkar saatsazın heç bir təşkilatla əlaqəsi ola bilməz. O, adi saatsazdır, amma maraqlıdır ki, müştərilər məhz onu arzulayır. Çünki çörəyi çörəkçiyə verərlər. Belə məlum olur ki, xalqın xalqlar arasında seçilməsi ailə tərbiyəsindən başlanır. Onun içində ailəni, işini, Vətənini sevmək anlayışları birinci sıradadır.

Keçək bizim analara. Əlbəttə, bütün azərbaycanlı analar nəzərdə tutulmur. Bizim azərbaycanlı şagirdin dərsindən 2 alıb evə gəlməsini təsəvvür edin. O uşaq məktəbdən çıxıb necə yalan danışacağını planlaşdırır. Əlbəttə, yaxın dostları da gopa basmağa köməyə gəlirlər. Ümumi qərar bundan ibarət olur ki, yıxarıq müəllimin üstünə. Azərbaycanlı şagird evə girir. Ana kiminləsə telefonda danışır, uşaqlığından böyüklüynə qədər müzakirtə edib qeybət qırırlar. Ana sözarası oğluna qışqırır ki, ayaqqabı ilə evə girməsin, döşəməni indi silib. Yenə qeybətə başı qarışır. Və yenə sözarası soruşur ki, bu gün dərsindən neçə alıb? Uşaq 2 cavabını verəndə ananın qışqırığı aləmi götürür: “Boyunu yerə soxum. Üzün qara olsun. Qara etdin mənim üzümü. Səndən adam olmayıb, olmayacaq da”. Hətta azmış kimi rəfiqəsinə, ya qohumuna övladının 2 almasını danışır, yenə də əlavə edir ki, ondan adam olmayb, olmayacaq da. 

Azərbaycanlı ana övladının qulağını məsləhətlərlə doldurur. Kitab oxumasından tutmuş təmiz paltar geyinməsinə qədər. Bunu məsləhət görən ana bir dəfə də olsun kitab üzü açmır. Deyir ki, qohumcanlı ol, ancaq qohumlarıgilə getmir. Gedəndə də qohumun dalınca danışır. Uşaq nə görür? Uşaq özünü dünyanın ən miskin uşağı qismində görür. Oxumağa qorxu altında cəhd göstərir. Daha sevgi altında yox. Günlərin birində anasına qayıdıb desə ki, “özün kitab oxumursan, amma mənə məsləhət görürüsən”, onda o uşağın evi yıxıldı. Adını qoyacaqlar ki, böyüklərin üzünə qayıdırsan, yaxud “biz böyüklərdə səhv axtarırsan, Allah belindən vurar”. Səhv hara, Allahın beldən vurması hara? Ayrı-ayrı anlayışlar toplusunda bizim valideynlər özlərini haqlı çıxarırlar. Bu yaxınlarda yaxın qohumlardan birinin övladı dərsdə özünü və ailəsini rüsvay edib. Müəllim soruşub ki, “kim “Q” hərfi ilə başlayan söz deyər. Bizim qohum da əlini qaldırıb deyib ki, “qanına bələnəsən”. Müəllim deyir ki, “bu sözü hardan bilirsən?”. Uşaq da qayıdıb ki, “hər gün anam mənə belə deyir”. Uşaq elə bilir ki, “qanına bələnəsən” qəşəng və şirin sözdür ki, ana ona belə deyir. Hə, yeri gəlmişkən, bayaq 2 alan şagirdin günahı müəllimin üstünə atması planından yazmışdıq axı. Uşaq yalan danışır ki, müəllim onunla prinsipə düşüb və dərsi bildiyi halda 2 yazır. Valideyn müəllimin üstünə hücum çəkir. Daha demir ki, müəllimin ayağı boyda uşaqla prinsipə düşməsi mümkün deyil. İndi təsəvvür edin ki, bir uşaq yalanı ilə pedaqoqların üstünə hücum çəkən valideynlərlərin böyütdüyü övladlarla gələcəyimizi qurmalıyıq. Bir valideyn ki övladına öyrədə ki, kim sənə sillə çəksə, sən yumruqla cavab ver, onda dizlərini yerə atıb hönkür-hönkür ağlamağın gəlir. Və o anda könlümüzdən bir mahnı keçir: “Ayə, haraya gedirsən, ayəəəəəəə”.