Yelenanın azərbaycanlı qızı

yelenanin-azerbaycanli-qizi
Oxunma sayı: 650


Övladları rəqs qrupunda və diasporanın təşkil etdiyi bazar günü məktəbinin şagirdləri olan analar birlikdə əyləşib balalarımızın hünərinə gülümsəyərək, fəxrlə tamaşa edirdik. Onlarsa biz və qonaqlar üçün " Nəlbəki", "Cücələrim", "Lalələr" və s. rəqslərimizi oynayır, kosa və keçəl olur, Novruz bayramına , bahara aid şeirlər deyirdilər.

Mən Yelena adlı rus xanımla yanaşı oturmuşdum. Lenanın əri azərbaycanlıdır və qızı da artıq 7 ildir ki, "Çinar" da rəqs edir. Lena Azərbaycan rəqsləri, müsiqisi haqqında " bizim mahnılar " deyir. Bu da mənim çox xoşuma gəldi. - Təqribən 5-6 il öncə "Çinar" bir rəqs qoymuşdu -Lena danışır- , o rəqs "Qarabağ" adlanırdı və çox gözəl bir rəqs idi. Uşaqların geyimi, rəqsin ritmi adamı ruhlandırırdı. Rəqsin sonunda da böyük oğlanlardan biri mənim 4 yaşında olan qızımı çiynində səhnəyə gətirərdi. Qızımın əlində Azərbaycanın bayrağı olardı. Hamımız bu rəqsi çox xoşlayırdıq və o repertuara salındığı bütün konsertlərə getməyə çalışardıq. Bir dəfə qızım xəstələnib məşqlərə gedə bilmədiyi üçün biz rəqsdə iştirak etmirdik və hamımız zalda oturmuşduq. Bu zaman həmin rəqs nömrəsi "Qarabağ" deyil, başqa bir ad altında elan olundu. Rəqsin ilk ritmləri səslənəndə, 4 yaşlı qızım yüksək səslə və heyrətlə " bu ki "Qarabağ" dır " - dedi. Səssizcə rəqsin başlanmasını gözləyən zalda uğultu yarandı. Sonralar o rəqsi repertuardan tamamilə çıxartdılar. Hələ bu harasıdır. Yenə də ,tədbirlərin birində ermənilər bizim balaban dediyimiz alətdə azərbaycanlı müəllifə məxsus olan mahnını erməni xalq mahnısı adı altında ifa etdilər. Onlar , bu çalğı alətini "duduk" adlandırlar. Ərim mənə danışmışdı, bilirdim ki , ermənilərin "duduk" dedikləri bu alətin adı da ( düdük) , özü də Azərbaycana məxsusdur. Üstəgəl, erməni xalq mahnısı adı altında ifa etdikləri müəllif mahnısıdır və bunu isbat etmək daha asandır. Mən rəqs qrupumuzun rəhbərinə öz fikrimi bildirdim. Konsertin sonunda biz birlikdə konsert təşkilatçıları ilə görüşdük və tələb etdik ki, bu nömrə repertuardan çıxarılsın .

Doğrudan da , sonrakı proqramlarda bu nömrə olmadı. Əvəzində ermənilər bizim rəqsimizi özününküləşdirib, elə "Uzundərə" adı altında da oynamağa başladırlar. İndi də oynayırlar. "Sarı gəlin" də ki, məlum məsələ, hər tədbirdə oxuyurlar. Belə hallqr o qədər geniş yayılıb ki, hətta mən qızımın ümumtəhsil məktəblərinin 7 -ci sinifiüçün olan musiqi dərsliyində "duduk"un erməni xalq çalğı aləti yazıldığını gördüm. Yenə xatırladıram ki, bu sözləri mənə əri azərbaycanlı olan rus qadını deyib. Son zamanlar müşahidə etmişəm ki, bəziləri mahnılarımızın, rəqslərimizin ermənilər tərəfindən özününküləşdirilməsini normal qəbul edir, buna qarşı çıxanları "vətənşüvən" adlandırırlar. Ola bilər ki, Azərbaycanda olanda bu kiməsə elə pis təsir göstərməyə, ancaq yad ölkədə konsert salonunda "Uzundərə"nin erməni xalq rəqsi kimi elan olunması və cüzi dəyşiriklərlə ifa olunması adama çox pis təsir edir. Dəyərlərimizi qorumalıyıq, onlara sahib çıxmasaq, mütləq bir yiyə tapılacaq və biz dəyərsizləşə dəyərsizləşə gedəcəyik. Bütün bu halları konkret Peterburqda, dünyanın digər ölkələrində yaşayan hər bir azərbaycanlı görür. Ancaq etirazını bildirmir. Ümumiyyətlə, biz bütün bunlara əhəmiyyətsiz bir şey kimi baxırıq.

Biz hər yerdə eyni cürük. Bir olmağı bacarmayan, hər kəs öz mənafeyini güdən, kitabdan çox dambaduruma meyilli olan, həyatın mənasını bahalı maşınlarda, yaxşı geyimlərdə və yağlı yeməklərdə görən bir toplumuq.

Buna çox, çox, lap çox təssüf edirəm