Yeməyimizdəki zəhər...

yemeyimizdeki-zeher
Oxunma sayı: 758

Dünya Sakit

Ərzaq bazarımız keyfiyyətsizlik sindromunun pik nöqtəsinə çatıb. Hansı marketə, bazara gedirsən, üstündə sadəcə, istehsal olunduğu ölkənin adı yazılan qənd, yağ, şəkər, şəkər tozu, pendir, kolbasa-sosiska və sair məhsullarla doludur. Nə istehsal tarixi, nə istehsalçı, nə son istifadə tarixi olmayan belə məhsullar açıq-açığına piştaxtalarda bərq vurur. Bəzən ölkə adına arxayın olub belə məhsullardan alanların arasında keyfiyyətdən razı qalan bir nəfər belə görmədim. Elə yerli məhsullarla bağlı da vəziyyət bundan fərqli deyil: yumurta, pendir, şor və sair məhsulların nə zaman istehsal olunduğunu öyrənmək müşkülə dönüb.

Artıq heç kimə sirr deyil ki,  sahibkarlara qarşı qanunsuzluq hallarını aradan qaldırmaq məqsədi ilə dövlət qurumlarına yoxlamaları qadağan edən qanunun qəbulundan sonra bu sahədə mənfiyə doğru kəskin irəliləyiş var. Təəssüflər olsun ki, bəzi məmurlar yoxlama səlahiyyətlərindən sahibkarları soymaq üçün  necə sui-istifadə edirdilərsə, bu gün bir çox sahibkarlar yoxlamasızlıq mühitindən bazarı keyfiyyətsiz məhsullarla doldurmaq məqsədilə eyni qaydada istifadə edirlər...

Bir neçə ay əvvəl hökumət sahibkarların işini asanlaşdırmaq üçün sərhəd-gömrük məntəqələrində ölkəyə gətirilən malların mənşə və uyğunluq sertifikatının tələb olunması qaydasını ləğv etdi. Bu da ölkənin və xalqın mənafeyini aşırı biznes maraqlarına qurban verməyə hazır olan bəzi işbazların əl-qolunu açmış oldu. Son bir neçə ayda bazara çıxarılan keyfiyyətsiz ərzaq məhsullarının say və növlərindəki kəskin artım bunun nəticəsidir.

Maraqlıdır ki, bəzi sahibkarlar aşağı keyfiyyətli məhsulların idxalını devalvasiya ilə bağlayırlar: keyfiyyətli məhsullar baha başa gəlir, bu isə əhalidə narazılıq yaradır. Bu narazılığın yaranmaması üçün gedib keyfiyyətsiz və ucuz malları gətirirlər...

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə görə, hazırda  Azərbaycanın ərzaq bazarında keyfiyyətə nəzarəti 8 adda dövlət qurumu həyata keçirir: “Bu orqanlar arasında düzgün koordinasiyanın qurulması və mövcud problemlərin aradan qaldırılması institusional islahatları zəruri edir. Həmçinin bu məhsulların istehsalı, idxalı, ixracı və satışı ilə bağlı bütün mərhələlərdə aidiyyəti dövlət orqanları tərəfindən müvafiq nəzarət tədbirləri riskəsaslı yanaşmaya deyil, ənənəvi total yoxlamalara əsaslanır.”

Qeyd edim ki, hazırda Azərbaycanda qida və ərzaq məhsullarının mövcud standartlara uyğunluğuna nəzarəti Standartlaşdırma, Metrologiya və Patent özrə Dövlət Komitəsi, bitki məhsullarına nəzarəti Dövlət Fitosanitariya Nəzarəti Xidməti, diri heyvanlara və heyvan məhsullarına nəzarəti Dövlət Baytarlıq Nəzarəti Xidməti, ərzaq məhsulunun və qidanın istehsalı prosesinə nəzarəti Səhiyyə Nazirliyi, məhsulun ərzaq bazarında dövriyyəsinə nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti həyata keçirir. 

Bu qədər nəzarətçinin gözləri qarşısında bazarımızın keyfiyyətsiz məhsullarla dolub-daşması, sadəcə, heyrət doğurur. 

Heyrət doğuran bir məsələ də budur ki, Azərbaycana idxal olunan hazır məhsullar, yarımfabrikatlar, xammal məhsullarına hansısa keyfiyyət tələbini müəyyənləşdirən sənəd mövcud deyil – hər halda, 2 aydır müxtəlif qurumlara göndərdiyim sorğulara verilən cavabların heç birində belə sənədin adı çəkilmir. İdxal məhsulları üçün tələb olunan uyğunluq və mənşə sertifikatı adlı sənədlər məhsulun keyfiyyətinə zəmanət vermir. Sahibkarların arxayınlıqla adını çəkdikləri gigiyenik sertifikat da məhsulun hansı keyfiyyət standartı əsasında istehsal olunduğunu açıqlamır.

Belə aydın olur ki, qida təhlükəsizliyi məsələsi sözün tam mənasında indi-indi yada düşməyə başlayıb. Hamı ümidini bağlayıb yaradılma mərhələsində olan Qida Təhlükəsizliyi Agentliyinə. Bu agentlik isə ən tezi 6 aydan sonra – 2018-ci ildə fəaliyyətə başlayacaq. Bu isə o deməkdir ki, Agentlik işə başlayanadək  hərə öz başının çarəsinə baxmalıdır...