Yeni idman-konsert komleksi tikilir

yeni-idman-konsert-komleksi-tikilir
Oxunma sayı: 652

“Qafqazinfo”nun Azərtac-a istinadən əldə etdiyi məlumata görə, kompleksn inşa edilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bir sıra əməli tədbirlər həyata keçirir.
ƏMDK-dan bildiriblər ki, müasir beynəlxalq standartlara uyğun olaraq kompleksin layihələndirilməsinin və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədilə əlaqədar dövlət qurumlarının iştirakı ilə bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb. Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində müxtəlif idman və mədəni məqsədlər üçün çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın Alpine Bau Deutchland AG şirkəti podratçı kimi seçilib.
Bu il avqustun 2-də Alpine Bau Deutchland AG şirkəti ilə əsas müqavilə imzalanıb, kompleksin inşa ediləcəyi ərazi müəyyən olunub və tikinti üçün zəruri hazırlıq işlərinin aparılmasına başlanıb. Kompleks Dövlət Bayrağı Meydanı ərazisində inşa ediləcəkdir. “Bakı Kristal Zalı” adlandırılan İdman-Konsert Kompleksinin müasir standartlara uyğun olaraq layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Müqaviləyə əsasən, tikinti işləri 8 ay ərzində başa çatmalıdır. Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək.
İşlərin gedişinə peşəkar texniki nəzarətçilər cəlb edilib.