Yeni ili sərxoş qarşılayanlar...

yeni-ili-serxos-qarsilayanlar
Oxunma sayı: 3860

Seymur Verdizadə

Altmışıncı illər ədəbi nəslinin ən parlaq nümayəndələrindən biri də şair Sərdar Əsəd olub. Biz həmkəndli olduğumuz üçün Sərdar müəllimin adını ilk dəfə birinci sinifdə oxuyanda eşitmişəm. Sinfimizdə ən zəif şagird də Sərdar Əsədin ən azı bir şeirini əzbər bilirdi. Sərdar Əsəd 45 illik ömrünə 10-a yaxın kitab, bir neçə poema, yüzlərlə lirik şeir sığdıra bilmişdi...

1999-cu ildə “Bu gün” qəzetində işləyəndə Sərdar Əsədin həyat yoldaşı Tükəzban xanımla görüşüb, ondan geniş müsahibə almışdım. Diktofonu söndürəndən sonra çay süfrəsi arxasında xeyli söhbət etmişdik. Tükəzban müəllimə mənə ötən əsrin 60-70-ci illərində ədəbiyyata gələn, bu gün də sevə-sevə oxuduğumuz, ədəbi irsini maraqla öyrəndiyimiz şair və yazıçılar haqda xeyli maraqlı hadisələr danışmışdı. İlk dəfə o vaxt bilmişdim ki, içki düşkünü olduqları üçün bu adamların çoxunu arvadları gecə evə buraxmırmış. İyirminci əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri olan, adı Mikayıl Müşfiqlə birgə çəkilən, sevgi şeirləri bu gün də dillər əzbəri olan şairdən söz düşəndə, Tükəzban xanım belə demişdi: “Onu araq məhv etdi”.

2000-ci ilin yazında rəhmətlik Əlibala Hacızadə ilə tanış oldum. Özünü “ədəbiyyatın qara fəhləsi” adlandıran Əlibala müəllim səmimi insan, gözəl dost idi. Əlibala Hacızadənin vasitəsiylə üzdə olan yazarlarla tanış olur, onların iştirak etdiyi məclislərə ayaq açırdım. Cavan olduğum üçün hər axşam sərxoş yazarlardan birini, bəzən ikisini evə aparmaq mənim boynuma düşürdü. Həyat yoldaşları elə mənim yanımdaca həmin yazarları azarlayır, sonra evə dartırdılar, hətta məni də “yağlı” söyüşlərə qonaq etməkdən çəkinmirdilər. Əlibala müəllim haldan-hala düşdüyümü, xəcalət çəkdiyimi görəndə, bir də məni həmin məclislərə çağırmadı. Özü isə bu məclislərə ancaq ədəbi müzakirələrdə iştirak etmək, dost-tanışla dərdləşmək üçün gedirdi.

Onlar hər yerdəydilər. Hansısa aktyordan müsahibə götürmək istəyəndə, məni hər gün yeyib-içdikləri kafeyə dəvət edirdi. Mərhum xalq artisti Kamal Xudaverdiyevin vasitəsiylə 2001-ci ildən etibarən əvvəl “Azdrama”nın, sonra isə digər teatrların mətbəxinə yol tapdım. Səhnədə qılınc çəkib, nizə atan bəzi aktyorlarımız axşamlar araq şüşəsi ilə qol-boyun olurdular. Tanıdığım rəssamların bəziləri o qədər içirdilər ki, saqqallarının bitini təmizləməyə vaxt tapmırdılar. Bu gün də bəzi bəstəkarların, müğənnilərin yanından ötəndə tünd araq qoxusu adamın ürəyini bulandırır. Bir dəfə də yazmışdım: Azərbaycanda oxumayanlar avam, oxuyanlar “alkaş” olurlar...

Fikrimi qüvvətləndirmək üçün konkret ünvan göstərə, içkinin məhv etdiyi neçə-neçə şairin, yazıçının, bəstəkarın, müğənninin, aktyorun adını ard-arda sıralaya bilərəm. Amma həmin adamların övladları, nəvə-nəticələri bu cür faktları qabartmağın həmişə əleyhinə olublar. Elə mən özüm də bu bayram günündə heç kimin ovqatını təlx etmək istəmirəm. Lənətə gəlmiş bu araq neçə-neçə istedadı məhv edib...

Jurnalist marağı güc gəldiyi üçün dünən bir neçə iri ticarət mərkəzində, üç-dörd kiçik marketdə alış-verişlə məşğul olan paytaxt sakinlərini müşahidə etdim. Adam vardı ki, arağı yeşiklə alırdı. Adam da vardı adını nisyə dəftərinə yazdırıb, araq alırdı. Marketdən çıxan hər beş nəfərin ən azı dördünün qoltuğunda araq şüşəsi vardı...

Dünən axşam bayramlarını təbrik etmək üçün üç-dörd dostuma zəng vurdum. Heç birinin dili söz tutmurdu. Yeni ilimi təbrik etmək üçün mənə zəng vuran dost-tanışın isə yarısından çoxu kəkələyirdi. İstisnaları nəzərə almasaq, əminliklə deyə bilərik ki, Qoç Koroğlunun, Qaçaq Nəbinin nəvələri Yeni ili sərxoş qarşıladılar...

P.S.Bəzən mənə elə gəlir ki, insanların çoxu yeni ili sərxoş qarşıladıqları üçün ilboyu başları açılmır. Yeyib-içməkdən yox, dərd-sərdən, qayğılardan...