“Yeni Müsavat”ın borcunu ödəmirlər

yeni-musavatin-borcunu-odemirler
Oxunma sayı: 659

Martın 28-də “Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov “Media forum” saytına bildirib ki, hazırda “Qasid”in qəzetə borcunu dəqiq hesablamaq mümkün deyil: “Çünki hər gün qəzet çap olunur və hər gün də “Qasid” firmasına qəzetimizin yeni nüsxələri gedir. Firmanın qəzetə borcu təxminən 20 min manatdır. Hər dəfə danışıqlar əsnasında “Qasid” firmasının rəhbəri Mirkazım Kazımov söz verir ki, borcu azaldacaqlar. Ancaq əksinə, borc günü-gündən artır”.

Ələsgər Süleymanovun sözlərinə görə, “Yeni Müsavat” qəzetinin əməkdaşlarına əməkhaqqının verilməsində problem yaranıb: “Necə olur “Qasid” firması bizim qəzetləri satıb öz işçilərinə əməkhaqqı verə bilir, amma qəzet öz kollektivinə əməkhaqqı verə bilmir. Redaksiyada əməkdaşlar maaş tələb edəndə biz onlara izah etdik ki, maaşları verə bilməyəcəyik, çünki “Qasid” bizə pul vermir. Nəticədə qərara gəldik ki, aprelin 1-də “Qasid”in ofisi qarşısında aksiya keçirək, öz pulumuzu tələb edək.

“Yeni Müsavat” qəzeti satışdan gəlirlə dolanır. Bizim ciddi reklamlarımız da yoxdur ki, maliyyə problemlərini reklam gəlirləri hesabına həll edək. Satışın böyük hissəsini həyata keçirən “Qasid” firmasından isə satılan qəzet nüsxələrinin pulunu ala bilmirik. Biz anlayırıq ki, “Qasid”in bir çox köşkü götürüləndən sonra satış aşağı düşüb. Biz demirik ki, qəzeti nəyə görə çox satmırsınız, niyə bizə əvvəlki qədər pul vermirsiniz? Biz deyirik ki, nə qədər qəzet satmısınız, onun pulunu verin. Onsuz da satılmayan nüsxələri bizə qaytarırsınız. Bəs satılan qəzetlərin pulu hanı?

Sosial şəbəkələr vasitəsilə müraciət yayıb bildirmişik ki, kimin “Qasid”lə problemi var, bizim 1 aprel aksiyasına qoşulsun. Bütün oxucularımızdan bizə dəstək vermələrini istəmişik. Artıq “Azadlıq” qəzeti 1 aprel aksiyasına qoşulacağını açıqlayıb. Sosial şəbəkədə müraciətimizə olan reaksiyadan görürük ki, bizə xeyli oxucu və ictimai fəal dəstək verəcək”.

“Qasid” mətbuat yayımı firmasının rəhbəri, deputat Mirkazım Kazımov “Media forum” saytına deyib ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri indiyədək firmanın ofisi qarşısında iki dəfə aksiya keçiriblər: “Mən onlara cavab vermişəm, lap beş dəfə də gəlsələr, yenə onlara cavab verəcəm. Maaş verirlər, ya verə bilmirlər, bu mənə aid olan iş deyil. Bu onların daxili işləridir. Mən məsələni hamısına izah etmişəm, buna görə də məni narahat etməyin”.