Yeni neft müqaviləsi sazişi təsdiqləndi

yeni-neft-muqavilesi-sazisi-tesdiqlendi
Oxunma sayı: 831

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, saziş barədə vitse-spiker Valeh Ələsgərov məlumat verib. V. Ələsgərov bildirib ki, Dövlət Neft Şirkəti və Azərbaycan hökuməti bu yenilənmiş, uzadılmış kontraktda bundan öncəki şərtlərdən aşağı yox, daha üstün şərtlərlə bu kontraktı imzalayıb: “Yenilənmiş saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb. Görülən işlərin nəticəsi kimi indiyədək podratçı tərəflər mənfəətlərindən 14,4 milyard dollar mənfəət vergisi ödəyib. Dövlət Neft Şirkətinin törəmə şirkəti podratçı tərəf olaraq mənfəət neftinin satışından 5,9 milyard dollar qazanıb. Müqavilə şərtlərinə uyğun olaraq texnoloji tələbat üçün istifadə olunmayan 41,7 milyard kubmetr həcmində səmt qazı ötürülüb. Mövcud məlumata görə, adı çəkilən yataqlarda ən azı 500 milyon tona yaxın çıxarıla biləcək neft ehtiyatı var”.
 
Qeyd olunub ki, müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər olduğundan qalan 7 ildə hasilat aşağı düşəcəkdi. Bu hasilatı isə sonradan bərpa etmək çox çətin olacaqdı. Ona görə də müqavilə müddətinin uzadılması, yenilənməsi çox uzaqgörənliklə atılmış bir addımdır. 

Müzakirələrdən sonra saziş təsdiq olunub.


Günel Türksoy