Yeni səfir İlham Əliyevin qəbulunda - Fotolar

yeni-sefir-ilham-eliyevin-qebulunda
Oxunma sayı: 982

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, səfir Milan Ekert etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin səviyyəsindən və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib, eyni zamanda, əlaqələrimizin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığı baxımından da önəmini vurğulayıb.

İ. Əliyev bildirib ki, ölkələrimiz həyata keçirilən əməkdaşlığın digər sahələrdə də yaxşı nəticə verməsində maraqlıdır və dövlətimizin başçısı buna nail olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev bu baxımdan parlamentlərarası, hökumətlərarası, biznes icmaları arasında əlaqələrin və qarşılıqlı səfərlərin bu işə yaxşı töhfə verə biləcəyini vurğulayib.

Milan Ekert ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib, bu il həm Azərbaycanda, həm də Çexiyada respublika yaranmasının 100 illiyinin qeyd edilməsinin əlamətdar hadisə olduğunu deyib. Səfir vurğulayıb ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 il ərzində ikitərəfli münasibətlərimizin inkişafında böyük nəticələr əldə edilib. Milan Ekert səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.