Yeni zibil qutularından biri yanıb - Açıqlama

yeni-zibil-qutularindan-biri-yanib
Oxunma sayı: 3419

Bakı şəhərinə yeni gətirilən zibil konteynerlərindən biri yanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Elman Babayev sosial şəbəkədə paylaşıb. O bildirib ki, yanmış zibil qabı Hüseyn Cavid prospektindədir: “Məncə, Bakıda bu cür plastik materialdan olan zibil qabları yerləşdirmək doğru deyil. Digər tərəfdən, Bakı küləkli şəhərdir. Bəzi günlərdə güclü külək Yasamalda dəmirdən olan zibil yeşiklərini yerindən oynadıb yolun ortasına kimi gətirirdi. Kim bilir plastik yeşikləri güclü külək hara aparacaq?”

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti ilə əlaqə saxlayıb. Bildirilib ki, ötən gün məsələ araşdırılıb. Yanmış konteyner götürülərək əvəzində iki yenisi qoyulub. Konteynerin hansı səbəbdən yanması dəqiq məlum deyil. Ola bilsin ki, kimsə siqaret atıb, ya da ətrafdakı ticarət obyektlərindən atılan karton tullantılar çox yer tutmasın deyə yandırılıb”.

Eyni zamanda İcra Hakimiyyətindən qeyd edilib ki, plastik və ağzı bağlı zibil konteynerlərindən dünyanın müasir paytaxtlarının hamısında istifadə edilir:

"Onların üstünlüyü odur ki, ağızları bağlıdır. Külək olanda zibillər ətrafa yayılmır. Həmçinin, yay aylarında qoxusu da ətrafa yayılaraq sakinləri narahat etmir. Bu zibil qablarının əl və ayaqla açılan qapaqları da var. Bəzi mağaza sahibləri təmizlik şirkətləri ilə müqavilə bağlamır, iri qabaritli kartonları zibil qutularına atır. Bu kartonlar da çox yer tutduğundan dəmir qablarda çox vaxt yandırılırdı. Yəqin bu metodu plastik zibil qablarında da tətbiq etmək istəyirlər. Paytaxta yenicə gətirilən konteynerlərdə belə bir halın baş verməsi bizdə təəssüf doğurur. İnsanlar öz mədəni səviyyələrini artırmalıdır".

Günel Türksoy