“Yenidən doğulsaydım, futbolçu olmazdım” - Kapitan

“Yenidən doğulsaydım, futbolçu olmazdım”
Oxunma sayı: 903

“Sumqayıt”ın sosial media üzərindən həyata keçirdiyi yeni rubrikası davam edir. “Qafqazinfo” xəbər verir ki, bu rubrikada sözügedən komandanın futbolçuları sosial şəbəkələrdən ünvanlanan sualları cavablandırırlar. Rubrikanın budəfəki qonağı kapitan Vurğun Hüseynovdu.

- “Sumqayıt”ın kapitanı olmaq necə hissdir?

- Komandanın kapitanı olmaq çox məsuliyyətli bir işdir. Həm meydanda, həm də meydandan kənarda örnək biri olmalısan. Bu klubun kapitanı olduğum üçün çox şadam.

- "Sumqayıt"ın 2017/18 mövsümündə qarşısına hansı məqsəd qoyulub?

- Qarşımıza hər hansısa bir məqsəd qoyulmayıb. Sadəcə, kollektiv olaraq, əlimizdən gələni etməyə çalışırıq ki, Avropa Liqasına vəsiqə qazanaq.

- "Sumqayıt" Azərbaycan futboluna nə verib?

- "Sumqayıt" Azərbaycan futboluna çox şey verib. Təhlil etsəniz, görərsiniz ki, hazırda milli komandanın əsas heyət üzvlərindən bir neçəsi məhz bu klubda təcrübə yığaraq, artıraraq böyük klublara transfer olunublar. 

- Bir çox komandada mərkəz müdafiəçiləri ilə oynamısan. Ən yaxşı anlaşdığınız stopper kim olub?

- Çıxış etdiyim klublarda bütün mərkəz müdafiəçiləri ilə yaxşı anlaşmışam. Bu sarıdan heç vaxt problem yaşamamışam. Hazırda Rail və Bəxtiyarla da əla tandem yaratdığımızı düşünürəm. 

- Karyeranı “Sumqayıt”da bitirəcəksən?

- Bu suala cavab vermək üçün məncə, bir qədər tezdir. Düşünürəm ki, zaman özü bu sualın cavabını verəcək.

- Tovuz futbol məktəbinin yetirməsi kimi bugünki uğurunu yəqin ki, bu kluba borclusan. Bəs "Turan"ın birinci divizionda iştirak etməsinə münasibətin necədir?

- "Turan" Azərbaycan futbolunun həm keçmişi, həm də gələcəyidir. Bu klub mənim doğma evim kimidir. "Sumqayıt" kimi "Turan"ı da daim zirvələrdə görməyi arzulayıram. 

- “Xəzər Lənkəran”ın Azərbaycan futbolundakı yeri görünürmü?

- Məncə, tək “Xəzər Lənkəran”ın yox, bir çox bölgə klublarımız - Tovuz, Şəmkir, Zaqatala və digərlərinin də yeri görünür. 

- Karyeranı hansı klubda bitirmək istərdin?

- “Turan” Premyer Liqada olsa, çox istəyərəm ki, karyeramı Tovuz klubunda bitirim. Vurğun olaraq, bu səviyyəyə "Turan"ın sayəsində gəlib çatmışam.

- Sizcə, “Sumqayıt” yaxın zamanda çempionluğa oynaya biləcək?

- Hər şey üçün zaman lazımdır. Əlbəttə, vaxt gələcək, çempionluğa da oynayacağıq.

- Vurğun üçün Azərbaycanın ən istedadlı futbolçusu kimdir?

- Fikrimcə, Bəhlul Mustafazadə bir qədər də öz üzərində çalışsa, gələcəkdə ölkənin ən yaxşı müdafiəçisi ola bilər. Bu sözləri Amil Yunanov üçün də deyə bilərəm.

- Vurğunun Vurğun olmasında kimin rolu daha çox olub?

- Bu səviyyəyə gəlib çatmağımda rəhmətlik Sakit Alıyevin əməyi danılmazdır. Bu insan Tovuzda çoxlarına futbolun "əlifba"sını öyrədib. Kimsə bu sözlərimə gülə bilər. Amma hərdən xəyal edirəm ki, "Turan"da oynayıram, Sakit müəllim də baş məşqçimdir. Allah ona rəhmət eləsin. Bundan başqa, Ramiz Məmmədovun da üzərimdə əməyi çoxdur. 

- “Qarabağ”dan təklif gəlsə, gedərsən?

- Məncə, hər bir futbolçu “Qarabağ”da oynamaq istəyər.

- “Neftçi”, yoxsa “Qarabağ”?

- Hər ikisi Azərbaycan futbolunun tarixidir.

- Avropada sevdiyin klub hansıdır?

- “Milan”

- Heç vaxt unutmayacağın oyun?

- 2011-ci ilin sentyabr ayında baş tutan Azərbaycan – Belçika oyunu daim yaddaşımda olacaq. Qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılmışdıq. Komandamızdan yeganə qolu isə görüşün sonuna yaxın Rauf Əliyev vurmuşdu. 

- Sənə görə, “Sumqayıt”ın ən yaxşı oyunçusu kimdir?

- "Sumqayıt"ın hər bir futbolçusu mənim üçün ən yaxşı futbolçudur.

- Dünyanın ən yaxşı yarımmüdafiəçisi və hücumçusu kimdir?

- Luko Modriç. Hücumçu kimi isə Messi və Ronaldo.

- Ən yaxşı azərbaycanlı yarımmüdafiəçi kimdir?

- Cavid İmamverdiyev, Cavid Tağıyev, Rəşad Eyyubov və Elvin Məmmədov.

- Vurğun Hüseynova görə, Azərbaycanın ən güclü qapıçısı kimdir?

- Mənə görə, hal-hazırda Fərhad Vəliyev.

- Aylıq məvacibin nə qədərdir?

- Özümə yetəcək qədər maaş alıram.

- Azərbaycana gəlmiş ən güclü legioner futbolçu kim olub?

- Asen Nikolov.

- Hazırda Azərbaycanda ən yaxşı oyun idarə edən hakim?

- Ömər Paşayev, Əliyar Ağayev və Rəhim Həsənov kimi gənc hakimlərin idarəçiliyini yüksək qiymətləndirirəm. 

- Həyata bir daha gəlsəydin, futbolçu olardınmı?

- Xeyr (gülür). Yenidən doğulsaydım, futbolçu olmazdım.

- Millidə oynamağa özünü hazır sayırsan və yığmaya niyə dəvət almırsan?

- Milli komanda üçün oynamaq bizim borcumuzdur. Əvvəllər oynamışam, indi də çağırsalar, can-başla kömək edərəm. Fikrimcə, yığma komandamızın mənafeyi bizim üçün hər zaman birinci olmalıdır.

- Azarkeşlərə nə demək istərdin?

- Sumqayıtlı azarkeşlər ən xoş sözlərə layiqdirlər. Bu şəhərdə həqiqətən futbolu sevir və qiymət verirlər. Azarkeşlərimizin qarşısında bir kapitan olaraq baş əyirəm.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi