Yer günü ilə bağlı iməcilik keçirilib

yer-gunu-ile-bagli-imecilik-kecirilib
Oxunma sayı: 640

Hər il olduğu kimi 22 aprel 2017-ci il tarixində də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Beynəlхalq Yer Günü” ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında, əvvəlki Binə ticarət mərkəzinin ərazisində iməcilik keçirilib. 

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. 

Aksiyada sözügedən ərazinin 55 hektar sahəsində abadlıq işləri görülüb, o cümlədən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib. 

Qeyd edək ki, “22 aprel-Beynəlxalq Yer günü” ilə əlaqədar regionlarda da Nazirliyin yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb. 

Xatırladaq ki, “Beynəlxalq Yer günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən sonra isə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılmışdı.