Yer kürəsi təhlükədə - Məşhurlar bundan yazır

yer-kuresi-tehlukede
Oxunma sayı: 6617

Dünyanın ən böyük tropik meşəsi, planetin oksigen təminatının 20%-ini təşkil edən Amazon, artıq 3 həftəyə yaxındır yanğınla mübarizə aparır. Yanğınlar rekord həddə- 3,5 milyon kilometrə çatıb və bu, meşə ərazinin 83% faizinin yanğınla üz-üzə qalması deməkdir.  

“Qafqazinfo” xəbər verir ki, 18 gündür davam edən yanğının tüstüsü San-Paulu şəhərinə qədər çatıb, səmada günəş belə görünmür. 

Peyk görüntülərindən aydın olur ki, Braziliyanın ən şimal əyaləti olan Rorayma qaranlıq tüstü içərisindədir, qonşu Amazonas ştatında isə yanğınlara görə fövqəladə vəziyyət elan edilib.

Fotoda: Üzərini tüstü almış San-Paulu şəhəri

Təbiət keşikçiləri hesab edir ki, dünyanın ən nəhəng meşəsi təkcə istilərə görə yox, əsasən fermerlərin ucbatından məhv olur. Belə ki, onlar Amazon meşələrini yandıraraq boş torpaq sahələri əldə etməyə çalışırlar. 

Ekoloqlar isə bu fəlakətdə Braziliya Prezidenti Jair Bolsonaronun siyasətini günahlandırırlar. Belə ki, Bolsonaro prezidentliyə namizədliyi vaxt Amazonun iqtisadi potensialını araşdıraraq ölkənin iqtisadiyyatını bərpa edəcəyinə söz vermişdi. İndi ekoloji təşkilatlar deyirlər ki, məhz Prezident əkinçiləri, fermerləri meşələri yandıraraq istismar etməyə təşviq edir. 

Hələ də yanmağa davam edən təbii sərvətin aqibəti bütün dünyanı, eləcə də tanınmış şəxsləri narahat edir. Hollivud ulduzu Leonardo di Kaprio, Kanadanın Baş Naziri Castin Tryudo, Fransa Prezidenti Emmanuel Makron, futbolçular Kriştianu Ronaldo, Kaylian Mbappe, Luis Suarez və başqaları sosial şəbəkələrdə #PrayforAmazonia , #savetheamazonia həştəqləri altında bu hadisəyə səssiz qalmırlar.

Aysel Kərimova