Yerikləyən qadınlara qıymayın

yerikleyen-qadinlara-qiymayin
Oxunma sayı: 1819

Azər Qismət 

Metronun “Xalqlar dostluğu” stansiyasından çıxan hamilə qadının gözünə ağzı qara gədənin satdığı alça sataşdı. Həmin oğlana niyə gəda dediyimi anladacam. Qadın yaxınlaşıb o alçalara yaxından baxdı. Üstündə nə çantası, nə də portmanesi vardı. Ovcunda qəpik vardı. Açanda 30 qəpik gördüm. Deyə bilmərəm ki, o qadın kasıb idi. Görünür, hansısa işə görə metroya tələsik girib, ya da pulunu evdə unudub. 30 qəpiyi uzatdı ki, satıcı ona alça versin. Oğlan verməyinə verdi. Amma verməsəydi, ondan yaxşı idi. Necə zəhrimar sifət aldı, dodağının altında necə mırıldadı, bir görəydiniz. Hamilə qadın uzaqlaşandan sonra dalınca söyləndi ki, “dilənçi qızı dilənçi”. Çox təəssüf ki, bunu eşidən digər ağzıqara gədələrdən heç biri demədi ki, “ayıb olsun sənə”. Əksinə, çoxdan yumadıqları dişlərini göstərib alverlərinə davam etdilər. Bəli, bu yerdə oğlana 2-3 kəlmə tutarlı söz deməyinə dedim, ancaq bilirəm ki, gönüqalın inəyə güllə də girməz.

Gəda anlamamışdı ki, qadın yerikləyir. Bu vaxt badımcan şorabasına, kartof qızartmasına, şirin nara da yerikləyər. Hətta qonşunun narına da çubuğunu batırıb istəyini söndürər. O gədanı evdə anladan olmayıb ki, istəyi sönməyən hamilə qadının körpəsi bətndə anasının vayına oturur, anasının çəkdiyini çəkir. O gədanı bir böyük anlatmayıb ki, hamilə qadının dünyaya gətirəcəyi körpə sənin balaca qardaşın və bacındır. Onu bətndəcə əqidəli böyütsən, bu ölkənin sağlam adamları, saf beyinləri çox olar. Bətndəcə anasına dilənci dediyin balaca qardaşın böyüyəndə elə bir ideya verər ki, sən onun hesabına zavod-fabrikdə işləyərsən, daha ağsaqqal-açbirçəklə şit-şit zarafatlar edib içini ortaya qoymazsan. Sənə başa salan olsun, kabab bişirəndə, halva çalanda qonşuluqdakı hamilə qadına da pay apararlar ki, umsuq qalmasın, günahdır. 

Bu gədəyə müharibə illərində baş vermiş hadisədən - ağsaqqal qaynata ilə hamilə gəlinin hekayətini də danışım. Bir kişinin oğlu müharibəyə gedir. Gəlini hamilə qalan kişi onun yerikləməməsi üçün hər şeyə əl atır. Günlərin birində qadının ürəyi ət istəyir. Müharibənin elə ağır vaxtında kişi naəlac qalır. Yoldan tapdığı küçüyü təndirdə qızardır və gəlinə deyir ki, əmlik quzunun ətidir. Qadın onu yeyəndən sonra ürəyi sakitləşir. Kişi buna görə xəcalət çəksə də, anlayır ki, istəyi yerinə yetməyən hamilə qadının əzabı necə də dəhşətli olur. 

Təkcə o ağzıqara gədəyə yox, bütün ticarətçilərə deyin ki, adam müqəddəs nəsnələrdən pul qazanmağa çalışmaz. Qışın günündə alçanın kilosunu 720 manata satıb elə qadınları umsuq salmaq hansı kişiliyə, hansı əxalaqa sığar. Bəzi qansız nar becərənlər şirin narları qışacan saxlayıb üstündə əsirlər ki, birini hamilə qadına 50 manata satsınlar. Bu hadisə tanışlardan birinin başına gəlib. Qış vaxtı çöldə şaxta qılınc kimi kəsirmiş. Həyat yoldaşının könlünə şirin nar düşüb. Yazıq oğlan Yasamalın dar küçələrini ələk-vələk edib. Axırda deyiblər ki, filankəsdə var. Gedib qapısını utana-utana döyüb istəyini bildirəndə, qansız kişi narı 50 manata satdığını deyib. Oğlan telefonunu girov qoyub ki, “sabah gətirib 50 manatını verərəm”. Hamilə qadının o narı necə şirinliklə yediyini görəndə, pul gözünə görünməyib. Sadəcə o kişini yadına salaraq “alçaq” - deyə pıçıldayıb. 

Ticarətçi olmaq - vicdanını satmaqla pul qazanmaq demək deyil. Uşaq yeməklərinin vaxtı keçir, başqa tarix yapışdırıb satırlar. Eşşək ətini mal əti yerinə xırıd edirlər. Adlı-sanlı şirniyyat mağazası kiflənmiş tortu satıb ad günü məclisini zəhrimara çevirir. Broyler yumurtasının üstünə palçıqlı saman yapışdırıb kənd yumurtası təəssüratı yaradırlar. Qəndə sümük qatıb kəllə qənd görkəmi ilə alıcılara sırıyırlar. Gül qönçələrini sarı-qırmızı rezinlə bağlayaraq açmağa qoymurlar ki, baha qiymətlə alıcıların başını aldatsınlar. Ortada minlərlə fırıldaq var. Ancaq şirin dil, insaf və yüksək servis yoxdur. 
Pul qazanmaq olar. Amma hər şeyini ortaya qoymaqla yox.