Yerli məhsullar niyə bahalaşdı?

yerli-mehsullar-niye-bahalasdi
Oxunma sayı: 3033

Azər Qismət

Bəzi komponetlərin xaricdən gətirilməsinə görə yerli məhsulların qiymətində artımlar müşahidə edildi. Bu da çoxsaylı sualların verilməsi ilə nəticələndi. Bəs, hansı səbəbdən yerli məhsullar bahalandı? Bu barədə aşağıda söz açacağıq. Hələliksə onu qeyd etmək yerinə düşər ki, yerli komponentlərin ölkəmizdə istehsalı hələ bir neçə ildən sonra baş tutacaq.

Çörək

Belə bir sual tez-tez səslənir: “Görəsən, hansı səbəbdən 50 kiloqramlıq unun qiymətində artım müşahidə edildi?”. Bunun səbəbi satılan unun tamlıqla öz taxılımızdan üyüdülməməsindən irəli gəlir. Azərbaycanda bu sahə üzrə ixtisaslaşan şirkətlər dəyirmanlarda üyüdülən unumuzun tərkibinə Rusiya və Qazaxıstan unu qatıb əhaliyə satırlar. Niyə belə edirlər? Çünki ölkəmizdə istehsal edilən unun tərkibində “kleykovina”nın (yapışqanlılıq) faizi çox aşağıdır. Yapışqanlılıq olmayanda undan yaxşı çörək alınmır. Bəs, niyə bizim unun tərkibində yapışqanlılıq çatışmır? Bəzi səbəblər var. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycanın əksər fermerləri torpağa düzgün aqrotexniki qulluq göstərmirlər. Aqrotexniki qulluq isə torpağın vaxtında şumlanması, malalanması, alaqlara və zərərvericilərə qarşı mübarizə tədbirlərini aparmaqdan ibarətdir. Bu yerdə haşiyə çıxım ki, taxıl əkilən torpaq həddindən artıq gücdən düşür. Bitkilərin arasında xüsusilə taxıl torpağı gücdən salır, necə deyərlər onun şirəsini çıxarır. Növbəti ildə taxıl əkməzdən əvvəl torpağa normativ əsasında gübrə verilməlidir. Azərbaycan fermeri isə bunu etmir. Nəticədə yetişən taxıl lazımi standartlara cavab vermir. O cümlədən yapışqanlılıq da uyğun göstəricidə qərarlaşmır. Şübhə yarana bilər ki, “yəqin, fermerin gübrəyə verməyə pulu yoxdur”. Səhv fikirdir. Bizim ölkədə gübrə məhsul istehsalçılarına 50 faiz güzəştlə satılır. Yenə də səbirsiz oxucu sual verə bilər ki, “nə olsun ki, güzəştlə verilir, onu almağa da pulu yoxdur”. Yenə də səhv fikirdir. Məsələ burasındadır ki, bizim fermerlər taxılı toyuq-cücəsinə yem kimi əkir, yaxud özünü unla kifayət qədər unla təmin etmək üçün pay torpağında səpin aparır. Yəni, taxılı məhz satmaq üçün becərmir. Əgər satıb gəlir əldə etmək fikrində olsa, torpağına lazımi qulluq göstəirb hər hektardan 2-2,5 ton taxıl biçər. Özü üçün əkdiyinə görə nə hektardan yüksək sentner almaq barədə düşünür, nə də torpağını gücləndirmək üçün lazımi gübrələrin verilməsinə maraq göstərir.

Məhz bu səbəblərə görə də Dövlət Taxıl Fondu ehtiyat üçün Azərbaycan buğdasından çox da istifadə etmir. Çox istəyər ki, bunu etsin, lakin neyləmək olar, bizim ərzaq buğdası müəyyən göstəricilərə cavab vermir. Gəlin, Taxıl Fondunun buğdanın qəbuluna dair bəzi şərtlərə nəzər salaq: Alaq otları 2 faizdən çox olmamalıdır, nəmlik 13 faizi keçməməlidir, yapışqanlılıq 65-85 faiz arasında yer tutmalıdır. Üfunət, səməni, dənli bitkilərə xas olmayan kerosin, benzin, sarımsaq iyi gəlməməlidir. Üstəlik, taxıl ekoloji cəhətdən natəmiz (kanalizasiya sularının axdığı) ərazilərdə əkilməməlidir.

Açıq danışaq, bu şərtlərə əməl edilməsi üçün fermerlərimiz bütün var qüvvələri ilə çalışırlarmı? Vaxtında alaq otlarına qarşı mübarizə aparılmamasının nəticəsində buğda kütləsinin 40-50 faizini alaq otu basır. Hələ yapışqanlılıq dərəcəsinin 40-50 faiz arasında olmasını demirəm. Halbuki, yuxarıda qeyd etdiyim kimi yapışqanlılıq 65 fazidən aşağı olmamlıdır.

Məhz bu səbəbdən dövlət özünün taxıla olan təlabatını ödəmək üçün iri təsərrüfatlar yaratdı. Bu təsərrüfatların sayının artırılması nəzərdə tutulur ki, Azərbaycan özünü 100 faiz taxılla təmin etsin.

Broyler toyuq və toyuq məhsulları

Broyler toyuqlarının qiyməti ona görə bahalandı ki, onun əsas yemi xaricdən gətirilir. Düzdür, bunun üçün yerlərdə də əkin sahələri ayırıb yem istehsal etmək mümkün idi. Bu isə sahibkara sərf etmir. Çünki gətirilən xüsusi yemi ilə (məsələn, balıq unu) broyler toyuğu daha tez yağlanır və 36-37 gündən sonra kəsim sexinə ötürülür. O ki qaldı yem üçün torpaq sahəsinin ayrılmasına, orada işçilər çalışdırmağa və taxıl əkib, qarğıdalı becərməyə, üstəlik, əməkdaşların məvacibini verməyə, kommunal xərcləri ödəməyə (görün hara gedib çıxdı), bu sahibkar üçün uzun məsələyə çevrilir. Hazır yemi alır və toyuğunu bəsləyir. Halbuki, sahibkar bir broyler zavodunun hesabına onlarla işsizi işlə təmin edə bilər.

Spirtli içkilər

Pivənin də qiyməti bahalandı. Çünki pivənin hazırlanması üçün lazım olan arpa Avropa ölkələrindən hazır vəziyyətdə gətirilir. Bunun bir neçə səbəbi var. Birincisi, bəzi sahibkarlar hazır məhsulu almağa daha çox üstünlük verir, nəinki burada yer götürüb əkməyə. İkincisi, Ümümdünya Taxılçılıq Şurasının uyğunluq sertifikatını almayan və onunla hazırlanmayan pivəni dünya ölkələrinə ixrac etməkdə çətinlik yaranacaq. Ümumdünya Ticarət Təşkilatı da ixrac-idxal məsələlərinə müdaxilə edir. Düzdür, Azərbaycan həmin qurumun üzvü olmasa da, bəzən qitədən alınan xammaldan istehsal edilən məhsullara dair öz sözünü deyir. Taxılçılıq Şurası da Avropaya ixrac edilən məhsulun tərkibi barədə də yekun qərar verir. Məsələn, Azərbaycanda arpanın texniki növ kimi keyfiyyətindən tutmuş becərilmə şəraitinə qədər hər şeyi laborator analizləri əsasında müəyyənləşdirmək, qərar qəbul etmək sözündə müstəqildir. Yuxarıda qeyd edilən kimi bəzi vaxtlarda Azərbaycan taxılı standartlara cavab vermir. O ki qaldı arağa…o da texniki sortdan hazırlanır. Onun da qiymətinin qalxması bu səbəblərə görədir.

Siqaretlər

Siqaretin də tütününün əksər hissəsi xaricdən gətirilir. Yəni, tərkib komponenti tamlıqla özümüzə aid deyil. Bunun üçün də bölgələrdə əkin sahələri ayırıb tütün əkmək mümkündür. Bununla həm tütünçülük inkişaf edər, həm də işsizlər işlə təmin olunar. Sahibkarlar isə bəzən asan yola üstünlük verirlər.

Bitki yağları və çaylar

Mağazalarda gördüyümüz günəbaxan və qarğıdalı yağının tamlıqla ölkəmizdə yetişdirilməsi üçün gərək hər dağın, hər təpənin üstündə bu bitkilərdən əkilsin. Bu məhsulların tərkibinin böyük faizli komponenti xaricdən gətirilir. Əgər təmiz qarğıdalı və günəbaxan yağı istehsal edilsə, bu qiymətə də təsir göstərəcək. Niyə? Çünki 1 litr təmiz qarğıdalı yağı 0,2 sot ərazidə əkilən qarğıdalıdan əldə edilir. Məhsul istehsalı üçün yerli istehsalçıların məhsuluna da müraciət edilir. Amma çox ucuz. Məsələn, mövsüm zamanı Quba almasının 1 kilosu istehsalçıdan 15-17 qəpiyə alınır.

Bir sözlə, yuxarıda göstərilən məhsulların istehsalı ilə məşğul olan şirkətlər asan yoldan imtina etməlidirlər. Çünki burada söhbət ölkənin ərzaq təhlükəsizliyindən gedir.