Yersiz məyusluq

yersiz-meyusluq
Oxunma sayı: 2370

İlqar Altay

2-5 aprel 2016 tarixdə işğal ərazimizdəki erməni silahlı birləşmələrinə qarşı ordumuzun əks-həmləsinin əbəs və boşuna olması fikirləri yanlış olmaqla, ziyanlıdır hamımız üçün.


Bu döyüşlə İllərlə, Minsk qrupu da daxil olmaqla Rusiya, ABŞ, Avropa Birliyi tərəfindən yaradılımış "işğal status-kvosu" adlı dondurmanın donu açılıb. Balaca iş deyil, qoşunların təmas xəttindən 300 kv.km. torpağı düşmən murdarlığından təmizləmək! Arxalı köpəyi geri oturdub, arxasını da silkələyib ayıltmaq. 25 ildən bəri Azərbaycanımız üzərində qoyulmuş "erməni işğallı" oyun qaydalarını vurub dagıtmaq.

İstənilən mübarizə və xüsusən, vətən uğrunda mübarizədə, müharibədə dönüş nöqtəsinin, uğurun başlanğıcını əldə etmək qədər çətin bir şey yoxdur. Bunun üçün dünya tarixini vərəqləmək kifayətdir. 20 ildə 1 kv.m. torpaq belə ala bilməmişdik və almaq problemiz nəhayət ki, ölü nöqtədən tərpənib. Qarabağ bulağımızın önünə nağıldakı devin qoyduğu "qara daşı" yerindən tərpətmişik. Təbii, Şanlı Ordumuz və Qəhrəman Şəhidlərimizin hesabına!

Və bu hadisənin də hesabına Qarabağ münaqişəsi dünya nəzərində bizim üçün çox mühüm siyasi vacib olan yerini tutdu. Azərbaycanın hiddət səsinin dünyaya çatdırılması ilə və erməni işğalının əsl    havadarının iç üzünün açılması ilə: Qarabağ problemi Rusiyanın postsovet dövlətlərinə separatçılıq əsasında yaratdlğı Abxaziya və Cənubi Osetiya, Dnestryanı, Krım və Donbas problemləri sırasında birmənalı yerini tutub tanındı! Artıq, Türkiyə lideri Ərdoğandan başlayaraq, bütün dünya liderləri Qarabağ problemi dedikdə, üzlərini ilk əvvəl İrəvana yox, Moskvaya, Kremlə yönəldirlər. Yoxsa 25 il idi dünyaya sübut edə bilmirdik ki, bizi bu “karlik” millətə, ermənilərə uduzduran Rusiyadır!   
 
Əziz dostlar, əziz xalqım. Gedən prosesləri, öz ixtisas və təcrübəmə, obyektiv müşahidə və analiz imkanlarıma əsaslanmaqla sizi əmin edirəm! Bu nöqtədən başlayaraq irəliləyiş və uğurlarımız çox olacaq. Torpaqlarımız, işğalda olan ərazilərimiz düşmənlərdən təmizlənib, ərazi bütövlüyümüz təmin olunacaq. Azərbaycanımız möhkəm dövlət və xalq kimi dayanıqlı, bütöv bir varlığa çevriləcək! Ermənilər isə, bu siyasətdə bu münaqişədə uduzduqlarını yaxşı görürlər, əsaslı olaraq məyusdurlar və artıq havadarları Rusiyaya qarşı narazıdırlar.

Çünki, himayədarlarından Qarabağı erməni dövləti kimi dünyaya tanıtdırmağı, ətraf işğal ərazilərini sonsuzluga qədər saxlamağı və azı, son hadisədə, 2008-də Gürcüstana edilən kimi, Azərbaycana da şimaldan həmlə gözləyirdilər. Bu olmadı, zaman və şərait imkan vermədi. Və özünü agıllı sayan bu millət, üzdən güclü-içdən isə çürümüş bir dəstəyin ümidinə qalmaq qədər ağılsız çıxdı! Amma, Azərbaycan bu münaqişədən böyük əziyyətlər hesabına da olsa, yüksək səbr, dözüm imkanlı qədər güclü çıxdı. Əlahəzrət zamanın yetişib onun haqqına arxa-dayaq ola bilməsi təmkini qədər müdrik çıxdı... Amma, burada bir məsələ var...

Amma gəlin, bu gün: "Niyə, bu qədər əbəs yerdən şəhid verdik?" deyə, elə bir tələsik təəssüf əhvalı yaşamayaq ki, sabah ugur və qələbələr zamanı vaxtilə səhv fikirlər etdiyimizdən xəcalət çəkək! Psixologiyada bir var, xəstə-yüksək yersiz şadyana əhval, eyforiya adlanır. Amma bunun əksi, xəstə-aşağı, yersiz dilxorçuluq əhvalı da var ki, disforiya adlanır. İnsanda boş yerdən və hətta, ugurlu bir gedişatda yalançı disforiya məyusluğu yaradır.

Gəlin, bu çətin dönüş anında, özümüzü tutarlı dövlət, müdrik xalq toplumu insanına layiq geniş və aydın düşüncəli aparaq. Zərərli disforik təəssürat və qərəzli kənar təsirlərdən aralanıb ölkəmiz, ərazi bütövlüyümüz ətrafında gedən hazırkı ilk böyük ümidverici dönüşlü prosesləri düzgün, savadlı, layiqli qiymətləndirək!