Yeyib - içən kişilərin QƏTL GÜNÜ

yeyib-icen-kisilerin-qetl-gunu-
Oxunma sayı: 706

Bəlkə də güləcəksiniz, bunun da günahkarı ermənidir! Evi yıxılmışlar hələ sovet vaxtı bizim kəndə gəlib gizlincə meyvə arağı çəkərlərmiş. Kənddən bir "ağıllı" onlardan araq çəkməyin sirrini öyrənib və başlayıb camaatı da öyrətməyə. İndi kəndin bütün kişiləri yayda tutdan, zoğaldan, alçadan araq çəkir, gələn yaya qədər kartof soyutması, kələm turşusu ilə vururlar.

Həqiqətən, bizim camaat yaxşı camaatdır! Dindar deyillər. Allahı yalandan and içəndə, bir də kiməsə qarğıyanda yada salırlar. Mollalara hörmətləri var. Ölüləri yuxularına girəndə 1 manat verib "Yasin " oxudurlar. Bir də molla yasda lazım olur onlara.

Kəndimizdə bir Hacı vardı. Deyirlər, yaxşı kişidir. Cavan vaxtı alver edirmiş. Rusiyadan, Gürcüstandan pal-paltar gətirib satırmış. Sonra bu kişini həbs etdilər. Kimi dedi alver etdiyinə görə tutublar, kimi də dedi, yox, bu adam əkin sahəsində qarğıdalının dibinə xaşxaş əkirmiş...

Ağlabatan idi. Çünki onun qarğıdalısı qış girənəcən biçilməzdi. Soruşanda da, biçməyə vaxtım yoxdu, deyərdi.
O zamanlar kəndin cavanları çox şən idilər. Yolda yeriyəndə elə bil uçurdular.

Bizim kəndçilər dindar olmasalar da, orucluqda toy etməkdən çəkinərlər. Ancaq orucluq vaxtı günün hansı vədəsi olur-olsun yaxşı yeyib içərlər. Məhərrəmlikdə, qətl sınan gün hamılıqla qəbristanlığa yığışıb sinə döyərlər!

Mən uşaq olanda bu mərasimi bir dəfə görmüşəm. Kişilər cərgə düzülür, "İmam ipəkdir, Yezid köpəkdir" deyib özlərini döyə-döyə qaçışır, arada özlərini saxlaya bilməyib qımışırdılar. Arvadlar da aş, hədik bişirir, şərbət paylayırdılar. Nəzir kimi konfet, şirin çörək paylayanlar da olurdu.

Tutaq ki, biri ötən il ürəyində Allaha yalvarıb ki, nolar, elə elə gələn qətlliyə qədər qızım ərə getsin, 24 yaşı var, tay-tuşlarının uşaqları məktəbə gedir... Allah da onun səsini eşidir, qız ərə gedir. O da indi bu yaxşılığa əvəz şərbət paylayır. Digəri savadsız oğlunu borc-xərc ali məktəbə "ilişdirdiyi" üçün konfet paylayır. Başqa biri oğlunu hərbi xidmətdən yayındırıb Rusiyaya göndərə bildiyi üçün hədik bişirir. Özü də niyyət edib ki, buğdanı , qarğıdalını rayon bazarından oğlunun göndərdiyi pulla alsın.

Kəndimizdə arvadlar bu gün sabun əzməzlər, paltar yumazlar, tualetdən çıxanda belə əllərini sabunsuz suya çəkərlər.
Bu gün niyə sabun əzmək olmaz deyə çoxlarına sual etmişəm. Hamı çiynini çəkib.

Nə isə, bizim camaat çox yaxşı camaatdır.
Lap qəribsədim kəndimizdən ötrü.