Yol azdıran quşlar

yol-azdiran-quslar
Oxunma sayı: 655


Ötən həftə dostlarla yola çıxdım. Yol nə yol. Qəzənfər dayının Qəqənisinin sözü olmasın “yoldu dana uzanıb gedir”. Bu yolu tez-tez gedib gəldiyimdən yenilik dərhal diqqətimi çəkdi. Bakıdan çıxar-çıxmaz gördüm yazılıb “Dağlıq Qarabağ – 361”. Düzü bununla bağlı kompaniya aparıldığını bilirdim. Əslində bu iş düz qurulsa təqdirəlayiq hesab oluna bilərdi. Bəlkə də. Amma yenə “quş” qoyulub.

Dağlıq Qarabağın harasına qədərdi bu 361. Tarixi nadiri yarıya qədər oxumuşam amma belə bir yol göstəricisi barədə eşitməmişəm.

Daha sonra yol boyu Xankəndi, Xocalı, Ağdam...

Beləcə çatdım Hacıqabula. Yolu burulduq Kürdəmirə. Qəflətən diksindim. Gördüm yazılıb “Qubadlı – 283”. Öz-özümə fikirləşdim ki, ayə, Qubadlıya Kürdəmirdənmi gedirlər? Mən bilən Kürdəmirə Akara yolu gedirlər axı...

Sonra fikirləşdim ki, yəqin səhv görmüşəm. Bu fikri özümə təlqin eləmək istəyirdim ki, gördüm yazılıb “Cəbrayıl – 178”. Bunu görəndə başa düşdüm ki, bu yüz faiz “quş”du.

Axı Cəbrayıla, Zəngilana, Qubadlıya getmək üçün Hacıqabuldan Kürdəmirə dönmək lazım deyil, Bəhrəmtəpə istiqamətinə dönmək lazımdır. Sabirabad, İmişli, Daşburun, Horadiz...

Qarabağla istənilənilən məsələdə “quş” qoyulmasını qəbul edə bilmirəm. Amma yenə quş qoyduılar. Biz necə millətik. Hər şeyə "quş” qoya, qoya ölkəni quşxanaya döndərmişik. Qorxuram yolalara qoyulan bu “quş”lar çoxunu azdıra...

İndi təsəvvür edin ki, Kürdəmirə çatahaçatda görürsən ki, yazılıb Cəbrayıl – 178. Eləmə tənbəllik 178 kilometr gedirsən. Düz getsən bu təxminən düşür Gəncəbasar tərəfə. Deyirsən ki, bura Cəbrayıldır. Qıraqdan baxan adama nə deyər? Deməzmi ki, bu yolun azıb?

Yol azmaq demişkən....

Əcəba, biz niyə Qarabağa gedə bilmirik?

Hə indi tapdım!

Biz hamımız, bir tam olaraq, bir azərbaycanlı olaraq YOLUMUZU AZMIŞIQ. Özü də yolumuzu azdıran hər işdə qoyduğumuz “QUŞ”LARDI!

P.S. Amma öz aramızdı, bəlkə də bu ideya özü də “quş” qoymaq üçün fikirləşilib. Qarabağa qayıda bilmirik, əvəzində yollara “quş” qoyuruq. Yəni kilometraj yazırıq.
Problemin kulminasiyası odu ki, bu “quş”ları təbliğ edənlər də var. “Quş”u təbliğ edənə də bilirsiz nə deyirlər?...