“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi

yol-hereketi-haqqinda-qanuna-deyisiklik-edildi
Oxunma sayı: 4608

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanununa dəyişiklikləri təsdiq edib.

“Qafqazinfo” qanuna edilən dəyişiklikləri təqdim edir: 

1. 1-ci maddə üzrə:
1.1. 41-ci bəndə “sürücülərini” sözündən sonra “və piyadaları” sözləri əlavə edilsin;
1.2. 52-ci və 53-cü bəndlərin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 54-cü hissə əlavə edilsin:
“54) taxoqraf – nəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin nəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.”.
2. 6-cı maddənin I hissəsinin 6-cı bəndinə və 36-cı maddənin III hissəsinin 2-ci bəndinə “hərəkətlərindən” sözündən sonra “(hərəkətsizliklərindən) inzibati qaydada və” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:
“Maddə 6-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası)
sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən
fiziki və hüquqi şəxslərin vəzifələri
I. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
II. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
4. 27-ci maddənin XIX hissəsindən və 35-ci maddənin XI hissəsindən “(və ya)” sözləri çıxarılsın.
5. 37-ci maddə üzrə:
5.1. I hissəsinin 1-ci bəndinə “şəhadətnaməsini,” sözündən sonra “bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda),” sözləri əlavə edilsin;
5.2. VI hissənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“3) bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.”.
6. 85-ci maddə üzrə:
6.1. 9-cu bəndin “Qeyd” hissəsinin üçüncü cümləsində “qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət” sözləri “inzibati qaydada və məhkəməyə şikayət” sözləri ilə əvəz edilsin;
6.2. 10-cu bəndin “Qeyd” hissəsinin ikinci abzasında “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət” sözləri “inzibati qaydada və məhkəməyə şikayət” sözləri ilə əvəz edilsin.
7. 1 saylı Əlavənin VII hissəsi üzrə:
7.1. 4-cü bənddən “taxoqraf,” sözü çıxarılsın;
7.2. aşağıdakı məzmunda 4-1-ci bənd əlavə edilsin:
“4-1) bu Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrində taxoqraf olmadıqda, habelə taxoqrafın yoxlanmasına dair müvafiq möhür vurulmadıqda (taxoqrafın yoxlanması haqqında şəhadətnamə olmadığı halda), yaxud taxoqrafın yoxlanma müddəti bitdikdə və ya plomblanması pozulduqda, tamamilə və ya hər hansı funksiyası işləmədikdə.”.