Yol polisi avtomobillərində bort kompyuterlər quraşdırılıb

yol-polisi-avtomobillerinde-bort-kompyuterler-qurasdirilib
Oxunma sayı: 653

Bakı şəhərindəki yol polisi avtomobillərində bort kompyuterlər quraşdırılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yanvar ayından Yol Patrul Xidməti avtomobillərində belə kompüterlərin quraşdırılmasına start verilib və indiyədək əksər yol polisi avtomobilləri yeni avadanlıqla təmin olunub.

Vaqif Əsədov bildirib ki, yol polisinə məxsus bütün nəqliyyat vasitələrində yerləşdiriləcək elektron məlumat bazası vasitəsilə hər bir sürücü barəsində çox qısa müddətdə operativ şəkildə bütün məlumatları əldə etmək mümkün olacaq. Onun sözlərinə görə, həmin sistem vasitəsilə saxlanılan avtomobil, sürücü, sürücünün indiyədək yol verdiyi qayda pozuntuları və ona verilən cəzalar barədə məlumat almaq olacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu proses Bakıda başa çatandan sonra rayonlarda olan yol polisinə məxsus bütün avtomobillər bu kompüterlərlə təmin ediləcək.

Kamran Əliyev yol polisi avtomobillərində POS-terminalların quraşdırılma prosesinin davam etdiyini bildirib. Onun sözlərinə görə, yaxın 10 gün ərzində bu proses respublika üzrə başa çatacaq.

Kamran Əliyev bildirib ki, POS-terminallar vasitəsilə cərimələrin ödənilməsi kütləvi hal almayıb. Onun sözlərinə görə, plastik kartlarla ödəniş çox məhdud sayda sürücülər tərəfindən aparılır.