“Yoldaşım deyir ki, onu nə vaxt qısqanacam?” - Video

yoldasim-deyir-ki-onu-ne-vaxt-qisqanacam
Oxunma sayı: 12619

Onun şəxsiyyətində sənət adamına xas olan zəriflik, nəciblik və xeyirxahlıq var. Şairə Nigar Həsənzadə 15 illik London həyatından sonra təsadüf nəticəsində Bakıda qalmağa qərar versə də əsas məqsədi gənc istedadlara tanınmaları üçün dəstək verməkdir. Bunun üçün də “Söz” və “Dinlə” ədəbi layihələrini həyata keçirir. 

Özü isə illər əvvəl ölkə mühitindən kənara çıxaraq ədəbiyyat dünyasında adını tanıtdırmağa nail olub. Yazdığı şeirlər dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiyada aparıcı şairlər tərəfindən tərcümə olunub. Onun adı XX əsrin 70 rus qadın-şairi – “Russian Women Poets” antologiyasına daxil edilib.  Həmçinin o, 2009-cu ildə Böyük Britaniya ərazisində yaşayan 10 ən yaxşı əcnəbi şair adına da layiq görülüb. 

Odur ki, “Qafqazinfo” olaraq şairəmizi daha yaxından tanıyıb söhbətləşmək qərarına gəldik:

- Sizi Azərbaycanda gənc və orta nəsil daha az tanıyır. Baxmayaraq ki, artıq Qərbdə və Rusiyada tanınmış şairsiniz. Səbəb nədir?  

- Bu, mənim həyat tərzimlə və işimlə bağlı olan məsələdir. Mən şair kimi tanınan bir insanam. Şou-biznesə yaxın adam yəni, müğənni olsaydım, yəqin ki, siz mənə bu sualı verməzdiniz. Hər zaman belə olub ki, ədəbiyyata, poeziyaya maraq göstərənlər heç vaxt kütlə olmayıb. Bu təbəqədən olan insanlar fikrimcə, seçilən insanlardır. Bəlkə az tanınmaq bundan irəli gəlir? Yəqin ki, sizin sualınıza cavab mənim kim olmağımda gizlənir. 

- Maraqlı məqama toxundunuz ki, ədəbiyyatçılar heç vaxt kütlə olmur. Amma  hazırda ədəbiyyatımızda olan yeni nəsil kütlə olmağa meyillidir. Gündəmdə qalmaq sevdasındadırlar...

- Hər kəs özünə  görə bir yol seçir. Mübarizənin səbəblərini mən çox gözəl anlayıram. Əslində  mübarizə aparan şəxsiyyətlərə hörmət edirəm. Əgər mübarizə aparmırsansa, sən özünü təhlükəyə atırsan. Məncə, şəxsiyyət kim olub-olmamasından asılı olmayaraq heç zaman yox olmaq istəməz. 

Kiminsə gündəmdə qalmaq üçün hansı yollara əl atması onun öz seçimidir. Mən özümdə hansısa güc hiss etmirəm ki, bu cür mübarizə aparan ədəbiyyatçılara söz deyim. Çünki mən özüm də mübarizə aparıram. Ancaq mənim yolum Nigarın yoludur. Sadəcə inanıram ki, insan vicdanına görə hərəkət edirsə, özünə və Allahına qarşı səmimidirsə, o insan mütləq öz yerini tapacaq. Əsl istedadın bu günü, sabahı var. O, zamanla mütləq üzə çıxacaq. Xalq və zaman ona dəyər verəcək. Bu gün hamımız özümüzə şair, ədəbiyyatçı və bəlkə də dahi deyə bilərik. Ancaq bunu biz deməməliyik. 

- Siz zamanın qiymət verməsi məsələsinə toxundunuz. Ancaq hərdən bir çox ədəbiyyat nümayəndəsinə lazımi qiymət verilmədiyi, yalnız ölümündən sonra yada düşməsi ilə bağlı giley-güzarlar da olur...

- Hər kəs özünə qiymət verilməsini yaşarkən görmək istəyir. Bu, bütün sənət nümayəndələrinə aiddir. Yazıçıların vəziyyəti bu məqamda  şairlərdən daha yaxşıdır. Çünki özlərini tanıtdıra bilərlər. Onların yaradıcılığında şanslar daha çoxdur. Şairlər isə hər zaman çətinlik çəkiblər. Bu, artıq bəşəriyyətin qanunudur. Ancaq Allah bu istedadı, vergini kiməsə veribsə və insan bunu dərk edib anlayırsa artıq o, minnətdar olmalıdır. Bu gözəl yükü layiqincə daşımalıdır. 

- Heç olubmu ki, siz nəyinsə xatirinə şeir yazmalı olmusunuz? 

- Belə olmur. Mən şeirlərimlə bəlkə bir səbəbə görə fəxr edə bilərəm ki, hər zaman çox səmimi olmuşam. Mənim kiminsə və ya nəyinsə xatirinə yazılan şeirlərim yoxdur. Şeir gəlmək zamanını özü bilir. Bu, şərait, hisslər və emosiyalarla bağlıdır. Elə vəziyyət olub ki, yazmışam, ancaq davamı gəlməyib. 

- Şeirlərinizə mahnılar bəstələnibmi?

- Mənim mahnılarım da var. Onlar tamam başqa sahədir. Mahnıya yazılan şeiri heç bir zaman poeziya ilə birləşdirməmişəm. Mahnılarım əsasən ingilis dilindədir. Bəzi həmkarlarla iş birliyim olub. Əslində buna dostluq demək olar. Çünki hamısıyla çox gözəl münasibətim var. Bir neçə dəfə mənə müraciət edərək ingilis dilində şeirlər istəyiblər. Mən də ingilis dilində şeir yazmıram, ancaq mahnı yazıram. Qəribə bir hissdir. Vüqar Camalzadə, Vaqif Gərayzadə, Siyavuş Kərimi, Tünzalə Ağayeva kimi bəstəkarlarla bizim bir neçə gözəl mahnımız var. 

- Siz 15 il Londonda yaşamısınız. Gəlin bir qədər cəmiyyətləri müqayisə edək. Az öncə yuxarıda qeyd etdiyim kimi, sizin kimi insanlar bizdə daha az tanınır. Bəs, İngiltərədə bu sahədə vəziyyət necədir? 

- Bu tendensiya bütün dünyada belədir. Bilirsiniz ki, müasir dövrdə zövqlər çox dəyişib. Məncə, XXI əsr artıq şairlərin də əsri deyil. Artıq mübarizənin metodları və yolları tamamilə fərqlidir. Bu gün doğrudan da ekranlarda görünmək üçün istedad o qədər də vacib olmaya bilər. Bəlkə bir az aqressivlik, aşağı səviyyəli hərəkətlər etmək, çılpaq görünmək lazımdır. Bu, artıq təəssüflər olsun ki, zamanımızın diləyidir. Amma inanıram ki, zaman dəyişəcək və insanlar artıq bu səviyyəsizlikdən bezəcəklər. Özlərini işığa tərəf tutacaqlar. Gələcək gərək ya işıqlı olsun, ya da heç olmasın. 

- Bəs cəmiyyətlərin ziyalı təbəqəsi axına qarşı mübarizə aparmaq gücündə deyil? Yoxsa onlar da sizin kimi gözləməyi məqbul hesab edirlər? 

- Mən bu məqamda gözləmək yolunu seçməmişəm. İnsan bir şeyi daha da gözəlləşdirə bilmək iqtidarına sahibdirsə bunu mütləq etməlidir. Hər kəs oturub gözləsə, biz hansı işıqdan söhbət aça bilərik? Oturub gözləyənlər də çoxdur. Mən passiv olan insanları heç zaman dəstəkləmirəm. 

Biz hazırda bu söhbətləri sizlə ediriksə demək ki, bunun bir səbəbi var. Çünki səbəbsiz heç vaxt, heç nə görülmür. Bu gün məndən soruşurlar ki, niyə İngiltərədən Bakıya qayıtmışam? Mən Bakıya sadəcə 3 ay yay tətilini ailəmlə birgə Abşeronda keçirməyə gəlmişdim. Sonra qismət elə gətirdi ki, mən burada fəaliyyətə başladım. Mədəniyyət və Turizm Nazirliyinin “Söz” və “Dinlə” ədəbi layihələrinin aparıcısı oldum. Mənim üçün bu iki layihə taleyimin bir parçasına dönüb. Qısa müddət ərzində çox gözəl dəyişikliklərə nail olduq. “Söz”ün cəmiyyətə gətirdiyi dəyişiklikləri elə insanlar özləri də deyə bilərlər. Gözəl adlar və simalar arenaya dəvət olunurlar. Biz onları tanıtdırmağa çalışmışıq. Sizcə, bu mübarizə deyilmi? Gənclər heç bir əziyyət çəkmədən, administrativ işlər görmədən bizə müraciət edib gözəl auditoriyanın qarşısında öz yaradıcılıqlarını paylaşa bilirlər. 

- Tanınmış gənc şairlərdən kimin  yaradıcılığı sizi qane edir?

- Mən bir neçə ad çəkə bilərəm. Siz də onları çox gözəl tanıyırsınız. Ancaq mən onların adını çəksəm, başqaları küsəcək. Məncə, tanınmış şairlərin artıq mənim fikrimə ehtiyacları yoxdur. 

Mən poeziyada musiqiyə çox yer ayıran şairəyəm. Məncə, broza ilə poeziya arasında çox böyük bir fərq var. Bu məsələni həmişə İngiltərədə də demişəm və ingilis şairlərlə dialoq aparmışam. Onlar qədim klassik stilə önəm verirlər. Mənim üçün sərbəst şeir çox maraqlı ola bilər. Ancaq bu janra yaxın bir şairə deyiləm. 

- Ramiz Rövşən də sərbəst üslubda şeirlər yazır. Onun şeirlərinə münasibətiniz necədir?

- Ramiz müəllim Azərbaycan poeziyasının ən görkəmli şairlərindən biridir. Ona qarşı çox səmimi hörmət və sevgi hisslərim var. Layihələrimdə də onun fikirlərinə və məsləhətlərinə hər zaman müraciət edirəm. Azərbaycan dilində gənc şairlərin şeirlərindən seçim edəndə Ramiz bəylə məsləhətləşirəm. 

Çünki şeirlərimi rus dilində yazıram. Azərbaycan dilndə yazılan şeirlərə son qiymət vermək haqqını özümdə heç vaxt görməmişəm. 

- Şərq şairinin yazdığı şeiri Qərb şairlərinin yazdığı şeirlərdən daha üstün hesab etmək olarmı? Bu sualı ona görə verirəm ki, Qərb dünyası daha azad, xoşbəxt, problemləri azdır. Şərqdə isə bu kimi problemlər hər zaman var...

- Problemli cəmiyyətlərin şairlərinin şeirləri daha güclü olur. Stress yaşamayan, çətinliklərlə qarşılaşmayan şair güclü bir sətir yarada bilməyəcək. Bunu hər kəs bilir. Şərqin şairləri tam başqa bir dünyadır. Mən əslində İngiltərənin ədəbiyyat camiəsinə çox minnətdaram. Çünki məni qəbul ediblər. Ancaq bugünkü ingilis poeziyası mənim ürəyimin poeziyası deyil. Şərq poeziyasından bir sətir eşidəndə çox həyacanlanıram. İstədiyim emosiyaları yaşaya bilirəm. 

- O zaman siz də Londonda yaşayıb çoxsaylı problemlərdən azad olsanız belə, bu ruhda düşünərək yazmısınız...

- Bu, tarixi genetik yaddaşdır. Sən başqa xarici dildə yaza bilərsən. Kim olduğunu unutmursansa, köklərini tuta bilmisənsə, bu, artıq sənin vücuduna, nəfəsinə, ürəyinin döyüntülərinə çevrilir. Bu, özündən asılı bir hərəkət deyil. Məsələn, rus dilində yazsam da, ruslar şeirlərimi oxuyan kimi Şərq ruhunu hiss edirlər. Mənim şeirlərim Londonda yaşayanda “Rus qadın şairlərinin antologiyasına” iki dəfə düşüb. Bu antologiyalar Amerikada və İngiltərədə çap olunub. XX əsrin ən güclü rus qadın şairləri arasında yer almışam. Mən bununla fəxr edirəm. Rus poeziyasının çox  tanınmış tənqidçisi, professor Valentina Poluxina şeirlərimi o kitaba daxil edəndə Rusiyada buna qarşı etirazlar olub ki, Nigar Həsənzadə adlı bir şəxsiyyət  necə rus qadın şairlərinin antologiyasına daxil ola bilər? Buna baxmayaraq, mən bu xoşbəxtliyə nail ola bildim. 

- Sizi Azərbaycan cəmiyyətinin hansı problemi  daha çox narahat edir? 

- Maarifləndirmə problemi məni narahat edir. Bu problem hər sahədə öz zəifliyini göstərir. Təhsildə, ailə tərbiyəsində, insanların bir-birinə qarşı münasibətlərində bir inkişaf olmalıdır. Sadəcə buna görə hamımız birgə mübarizə aparmalıyıq. Kimsə oxumağı, yazmağı bacarmırsa ona öyrətmək lazımdır. Cəmiyyətin hansı sferasında zəiflik varsa ora professionallar cəlb olunmalıdır. Kim oxumaq istəyirsə, onu dəstəkləmək lazımdır. O zaman gözəl və ürəkaçan bir nəticə ola bilər. 

- Bir oğlan övladınız var. Onun təhsili sizin üçün önəmlidir. Azərbaycanın təhsil  sistemi yəqin, sizi qane etmir...

- Mən sizinlə səmimi danışacağam. Bu sual bizim ailəmiz üçün çox aktualdır. Çünki sentyabr ayından artıq oğlum məktəbə getməlidir. Biz onu ailədə tam başqa bir atmosferdə böyütmüşük. Onun ruhu sərbəstdir, ürəyi təmizdir. Əgər mən Azərbaycanda qalmalı olsam, yerli təhsil sisteminin məktəblərinə uşağımı verə bilməyəcəm. Çünki mən bu sistemdən razı deyiləm. Buradakı təhsil dünya standartlarına uyğun deyil. Övladım nə yaşda olursa olsun onu sındırmaq istəmərəm. O, indi sərbəst və rahatdır. Biliyə qarşı marağı var. Bugünkü sistem uşaqlarda bu biliyi lazımı qədər dəstəkləmir. Burada qalsaq, İngiltərə sistemində olan məktəblər Bakıda da var. İnşallah, elə bir məktəbdə oxuyacaq. 

- Həyat yoldaşınız da yəqin ki, sizin kimi düşünür. O da söz adamıdır? 

- O, tamamilə başqa sahənin adamıdır. Amma ruh olaraq incəsənətə, ədəbiyyata qarşı çox həssasdır. Elə olmasaydı, yəqin, mənə evlənmək təklif etməzdi. Bilirəm ki, mənimlə yaşamaq elə də rahat bir şey deyil. Sağ olsun, çox həssas və incəqəlbli bir insandır. 

- Niyə sizinlə yaşamaq rahat deyil? 

- Prinsiplərim çoxdur. Amma ailə həyatında bir kompromis olmalıdır. Yalnız prinsiplərin üzərində dayanılsa, o ailə mütləq dağılacaq. Çalışıram ki, ailə üzvlərimə çox əziyyət verməyim. Sənət adamları çox emosional, həssas olurlar. Kimsə, məsələn, hansısa sözə fikir verməyə də bilər, sənət adamının o sözə görə dünyası dağılar.

- Ailəni qoruyub saxlamaq üçün nələrə dözmək, nələrə dözməmək olar? 

- Ailədə mütləq dialoq olmalıdır. İnsanlar bir-biri ilə söhbət etməyi bacarmalıdır. Əgər dialoq yoxdursa, ailə münasibəti öz-özünü riskə atır. Fikrimcə, qadına fiziki şiddətə heç bir şəkildə dözmək olmaz. Qısqanclıq desəniz, buna cavab verə bilməyəcəm. Çünki heç qısqanc qadın deyiləm. Biz artıq yoldaşımla 9 ildən çoxdur ki, bərabərik. İndiyəcən gözləyir ki, mən onu qısqanım. Deyir ki, “Nigar, nə zaman artıq məni qısqanacaqsan?” Amma mən bu hissdən məhrum olan bir insanam. Yəqin ki, bu,çox təhlükəli, əziyyətverici bir hal ola bilər. Mən bu hala indiyə kimi düşməmişəm. 

- O da sizi qısqanmır? 

- Deyir ki, qısqanır. Çünki sosial şəbəkələrdə çox aktivəm. İnsanlarla hər gün çox yaxın ünsiyyətdəyəm. Qısqandığını desə də məncə, qısqanmır. Mənə elə gəlir ki, o kəlməni sadəcə məni ruhlandırmaq üçün istifadə edir. Həyat yoldaşım da özgüvəni olan bir insandır. Buna görə də mənə inanıb. Sevgi həm də münasibətlərdə inam yaradır.

- Oğlunuzun maraqlı adı var. Amir adını kim seçib? 

- Yoldaşımla bərabər bu adı seçmişik. Mən hər zaman ürəyimdə Amir adını saxlamışdım. Amir ordu rəhbəri olub. Adın səslənməsi və mənası çox xoşuma gəlir. Yoldaşım deyəndə ki, başqa ad qoyaq, mən belə bir biclik düşündüm. Bir gün oyandım və  Araza dedim ki, bir şeir yazmışam. Orada “mənim şahzadəm” ifadəsi səslənir. Bu, artıq bir simvoldur, hansısa məlumat deməkdir. O da mənim həssaslığımı bilir. Sonra bir gün lüğətə baxdıq. Ərəb lüğətindən başladıq. Demək olar ki, birinci adların arasında Amir adı var idi. Mən heç nə demədim. Araz da Amir adını görən kimi çox bəyəndi.

- Ailədə tək övlad olması onu sıxmır? Sizin ikinci övlada münasibətiniz necədir?

- Bu barədə düşünmürəm. Səbəbləri  bəlkə də qəribə ola bilər. Mənimlə bu məsələdə mübarizə aparan ailə üzvlərim var. Deyə bilərəm ki, bu dünyada yaratdığım ən böyük əsər oğlumdur. İnanmıram ki, ondan daha mükəmməl bir uşaq yarada bilərəm. Uşaq dünyaya gətirəndə gərək onun məsuliyyətini anlayıb üzərinə götürəsən. Mənim övladım belə bir müasir dünyaya gəlibsə onun bu dünyaya xeyri olmalıdır. Mən istəmirəm ki, uşağım rəqəm olsun. İstəyirəm ki, oğlum  şəxsiyyət kimi böyüsün. Bu şəxsiyyətin dünyaya, cəmiyyətə, vətəninə, ümumi insanlığa bir xeyri olsun. Bunun üçün ailə olaraq əlimizdən gələni edəcəyik. Bu baxımdan ikinci övlada bu güc qalmaya bilər. Mən də risk etmək istəmirəm. 

- Bizdə uşaq tərbiyəsi məsələsində ailədə ciddi fikir ayrılıqları olur. Uşağa nəsə deyəndə deyirlər ki, “uşaqdır, heç nə etməyin”. Halbuki uşaqlar 3 yaşından etibarən hər şeyi yaxşı dərk etməyə başlayırlar. Ona verilən təlim və tərbiyəni dərk etmək gücündədirlər... 

- Amir ilk dünyaya gələn andan mənim qucağımda idi.  Londonda anadan olub. Uşaqla kontakt çox vacibdir. Onun başının üstündə çoxlu mahnı oxunulub, şeir deyilib, dualar edilib. Bilirdim ki, bu uşaq böyüyəndə tez danışmağa başlayacaq. Körpəlikdən hamıya hansı çərçivədə uşaq böyütmək istədiyimi dedim. Amirə  demək olar ki, “yox” deyən olmayıb. Deyilibsə də, bunun səbəbləri ona izah olunub. Sərt tonda onla danışılmayıb. Artıq 6 yaşındadır. İndi bir az tonumu dəyişdirə bilərəm. Həssas qəlbli, yaşına görə çox düşüncəli bir uşaq böyüyür. O anasından, atasından gündə min dəfə üzr istəyən, min dəfə təşəkkürünü bildirən bir körpədir. Özündən balaca körpələrə kömək edir. Mən onunla fəxr edirəm.

- Bəs siz necə ailədə böyümüsünüz? 

- Anamın atası Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. Həsənzadə soyadı da elə oradan gəlib. Orada çox hörmətli ailə olublar. Babam Yaqub Həsənzadə Ali Məhkəmənin üzvü idi. O, bütün müharibəni Berlinəcən keçib. Ona Sovet İttifaqı qəhrəmanı adı verəcəkdilər. Ancaq həmin günlərdə qardaşı Stalin düşərgələrinə düşüb. Onu vətənə xəyanətdə ittiham etdilər. Bu səbəbə görə də babam o adı ala bilməyib. Bakıda çox tanınmış, hörmətli şəxsiyyət idi. 

- London yolunuz necə başladı?

- Azərbaycanda ilk kitabım çıxandan sonra həyatımda qəribə dəyişikliklər oldu. Anar bəy (red: Azərbaycan Yazıçılar Birliyinin sədri) mənə xeyir-dua verdi. Mən qəti qərara gəldim ki, sırf ədəbiyyatla məşğul olacağam. Cavan idim, istəyirdim ki, səyahət edim. İlk dəfə Fransaya daha sonra İngiltərəyə getdim. Orada eşitdim ki, ingilis tərcüməçisi Riçard Makkeyn tanınmış şair Anna Axmatovanın şeirlərinin tərcüməsini oxuyacaq. Mən də onla tanış olub kitabımı  hədiyyə etdim. Kitabımı ingilis dilinə tərcümə edəcəyini dedi. Bundan sonra İngiltərə yolum başladı və orada qalıb yaradıcılığıma davam etməli oldum.

- Siz həm də baxımlı bir xanımsınız. İşlərinizdən özünüzə necə vaxt ayırırsınız? 

- İndi idmanla məşğul deyiləm. Amma zamanında flamenko rəqsi oynamışam. Rəqs həyatımın böyük bir parçası idi. Təəssüflər olsun ki, artıq 7 ildir heç nə ilə məşğul deyiləm. Ancaq sağlam həyat tərzi, düzgün qidalanmaq vacibdir. 

- Həyat yoldaşınızla necə tanış olsunuz?

- Biz Azərbaycanda tanış olduq. Daha sonra mən İngiltərəyə getdim. O, hər gün zəng edib məni axtarırdı. İngiltərədə telefonuma mesaj gələndə dostlarım bilirdi ki, yazan Arazdır. İndiyə kimi mənlə bu barədə küskündür ki, onun yazdığı şeirləri niyə silmişəm. Ancaq mən bilmirdim ki, o şeirləri özü yazır. 

- Deyirlər ki, adətən yaxşı bir sevgi şeirinin meydana gəlməsi üçün yazarın başından bir neçə dəfə fərqli sevgi hekayələrinin keçməsi lazımdır, yoxsa yaxşı nəticə alınmaz. Siz necə düşünürsünüz?

- Mən şeirlərimdə çox səmimiyəm. Kiminsə reallığa ehtiyacı olmaya bilər. Xəyalla şeir yaza bilər. Mənimsə xəyallarım reallıqla artıq qarışıb. İnsan sevmədən necə sevgi şeiri yaza bilər ki?! Mən bunu bacarmamışam. Yalan istəkləri sətirlərə dönüşdürmürəm. 

- Siz Yazıçılar Birliyinin üzvüsünüz. Uzun zamandır ki, Azərbaycanda ədəbiyyatçılar arasında belə bir tendensiya yaşanır ki, Yazıçılar Birliyinə yeni rəhbər gəlməlidir, artıq bunun zamanı yetişib. Siz də bu fikirlərlə razısınız?

- Biz dəyişikliklərdən söhbət açırıqsa, həmin dəyişikliklər sağlam şəkildə həyata keçirilməlidir. Özüm çox gənc olanda məhz Anar bəy mənə dəstək verib. Mən ömrümün sonuna kimi Anar bəyə minnətdar olacağam.

Günel Türksoy

Fotolar-Video: Nuran Məmmədov
                         Pərvin Zeynal