Yolları bağlayan yas çadırları

yollari-baglayan-yas-cadirlari
Oxunma sayı: 1745

Nadir Qocabəyli

Bu günlərdə qonşuluqda bir kişi rəhmətə getmişdi. Mərhum, bir az xəstəhal görünsə də, ayaq üstəydi. Çox vaxt axşamtərəfi darvazasının qarşısında oturur, mən də keçəndə ona salam verirdim. Gecə qəflətən təzyiqi qalxıb və keçinib. Allah rəhmət eləsin!

Salam-əleykdən başqa heç bir münasibətimiz olmasa da, dəfnindən sonra gedib başsağlığı verdim. Yalan olmasın, bir hektara yaxın böyük həyəti, ikimərtəbəli evi var.

Üç mərasimi günü səhər tezdən evdən çıxanda gördüm ki, yas çadırını küçəyə qururlar və maşınların intensiv hərəkət etdiyi asfalt yolu bağlayıblar. Öz-özümə düşündüm: bunların bir hektara yaxın həyəti olduğu halda, yolu niyə kəsirlər?

Bu xüsusda müəyyən düşüncələrim olsa da, üçdə iştirak edəndən, qonşuların, hətta Facebook dostlarımın bu barədə rəyini öyrənəndən sonra yazmağa qərar verdim.

Üçdə iştirak etdim. Təxminən 20 metr uzunluqda ağ çadır idi. Mən gedəndə hələ bir tərəfi dolmamışdı. Təxminən yarım saat oturub, çıxdım. Çadırın bir tərəfi hələ də boş idi...

Ağzını aradığım bir neçə qonşu, hər nə olursa-olsun, imkan daxilində yol bağlamağın yaxşı iş olmadığını söylədilər, FB dostlarım da bunu təqdir etmədilər, ancaq geniş həyəti ola-ola, xalqın yolunu kəsən həmvətənlərimizin bu qəribə hərəkətinin sosial-psixoloji analizinə dair nəsə söyləyən və yazan olmadı.
İstər-istəməz sual doğur: əgər hüzürü düşən ailənin həyətində çadır qurub, mərasim keçirməyə yeri varsa, yolu niyə bağlayır? Digər tərəfdən, yarısı belə dolmadığı halda, o uzunluqda çadıra nə lüzum var?
Mən, əlbəttə, bizdən başqa dünyanın heç bir yerində belə bir şeyin olmadığını yazmayacağam. Çünki dünyanın hər yerindən xəbərim yoxdur. Mən bunu hörmətli professor Niyazi Mehdi sayaq, azəri mentalitetinin özəlliyi kimi də dəyərləndirməyəcəyəm, ona görə ki, böyüdüyüm rayonda heç vaxt belə şey, yəni kiminsə yas çadırını küçəyə qurduğunu, yolu bağladığını, gediş-gəlişə maneçilik törətdiyini görməmişəm. Hamı xeyir-şərini həyətində yola verib.

Bu halla hamımız yalnız Bakı şəhərində həyəti olmayan bina evlərinin yaxınlığındakı küçələrdə rastlaşmış və mərhumun xatırəsinə hörmət naminə anlayışla qarşılamışıq. Düşünmüşük ki, yəqin başqa yer yoxdur. Elə isə, yer ola-ola, imkan ola-ola, heç bir lüzum olmadığı halda, yolu kəsmək nə demək?

Nə sosioloq, nə də psixoloq olmadığımdan, olaya elmi nöqteyi-nəzərdən baxmaq imkanlarım məhduddur. Sadəcə onu deyə bilərəm ki, ola bilsin, insanlar dərdlərinin ağırlığını daha geniş kütləyə bəlli etmək, onlara üz vermiş müsibətdən daha çox adamın xəbər tutmasını, bu kədəri daha çox insanın bölüşməsini istədikləri üçün, “affekt” halında bu sayaq addımlar atırlar. Canları odlu olduğundan, nə etdiklərinin fərqində olmurlar. Bəlkə, bunda qaçqınlıq-köçkünlük həyatının, Qarabağdakı itkilərimizin, acılarımızın da izləri var? Bəlkə, adamlar şüuraltı olaraq hesab edirlər ki, əksər hüquqlarının pozulduğu ölkədə yol bağlamaq yası düşən adamın ən təbii haqqıdır, ona görə də, bu haqlarından istifadə etməyə tələsirlər? Bəlkə, qanun pozmağın prestij sayıldığı məmləkətimizdə bunu “necə lazımdı” edə bilməyənlər yaxınlarının vəfatını fürsət bilirlər? Hər şey ola bilər... Ancaq səbəbi nə olursa-olsun, onların böyür-başında, ətrafında, yaxınlığında mütləq təsəlli verən, düzgün yol göstərən, yol bağlamağın insanların gediş-gəlişini çətinləşdirəcəyini, əsəbilik yaradacağını, həmçinin mərhuma rəhmət oxutmayacağını söyləyən soyuqqanlı-müdrik ağsaqqal-ağbirçəklər, möminlər-dindarlar, mollalar-axundlar, ən nəhayət, hökumət adamları olmalıdır.

Üç mərasimində yanımda oturan qonşu dedi ki, qapısından çıxanda başına yağış tökülməməsinə görə və çöldə qalan ayaqqabıları islanmasın deyə, evinə balaca bir çardaq artırmaq istəyirmiş, amma icra hakimiyyəti mane olub, deyib ki, 300 manat ödəməsən, mümkün deyil. İstər-istəməz düşünürsən: vətəndaşa öz şəxsi həyətində, evinin içində kiçik dəyişiklik etməyə, artırma qurdurmağa, çardaq düzəltdirməyə imkan verməyən icra hakimiyyəti, polis yolun bağlanmasına niyə göz yumur? Adam ölən kimi tez qaçıb onda kriminal əlamətlər olub-olmadığını axtaranlar (buna qəti etirazım yoxdur) yolun bağlandığını niyə görmürlər?

Ancaq ola bilməz ki, görməsinlər...