Yoxlama başladı – - Milyonlar necə silinib?

yoxlama-basladi-
Oxunma sayı: 5885


Hesablama Palatası auditorları “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıb. Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni Müsavat”a QSC-dəki mənbə xəbər verib. Mənbənin bildirdiyinə görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə silinir. Bu vəsaitlər hesabına QSC-nin tibb müəssisələrində guya “əsaslı təmir” aparılıb və müasir avadanlıqlar “alınıb”. Bir sözlə, olmayan xidmətlərə, alınmayan mallara görə milyonlar silinib. 

Məsələn, Hesablama Palatasının auditorları müəyyən edib ki, xəstələr üçün alınan çəkələklər hamını şoka salacaq bir qiymətə  - 33 manata rəsmiləşdirilib. Hansı ki həmin çəkələklərin bazar qiyməti 1 manatdan çox deyil. Xəstəxanada uşaq şöbəsi olmadığına baxmayaraq, uşaqlar üçün böyük partiyalarla pijamalar alınıb və silinib. 

Hesablama Palatasının yoxlamaları 15 günə yaxındır davam edir və kifayət qədər şişirdilmiş qiymətlərlə aşkarlanıb. Sonda rəhbərlik vəziyyətdən çıxış yolu kimi Hesablama Palatasının auditorlarını “yola salmaq” üçün həkim və tibb işçilərindən pul yığımına göstəriş verib.  İşçilərdən 500 manatdan 3 min manatadək “təzminat” yığılır.

Mənbənin məlumatına görə, bu işlərin hamısı QSC-nin tibb xidmətinin sabiq rəisi Saday Zeynalovun dövründə qeydə alınıb. Bütün əməliyyatlar onun imzası ilə həyata keçirilib. Hazırda o, “Bakı Metropoliteni” QSC sədrinin sosial məsələlər üzrə müavinidir. Ancaq indi yeni rəhbərlik onun əməllərini ört-basdır etmək üçün işçilərdən xərac toplamağa üstünlük verib. 

Mənbə bildirir ki, məsələdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun da xəbəri var və o, auditorları sakitcə “yola salmaq” tapşırığını verib.