“Yüksək vəzifəli şəxs məndən üzr istədi...” - Video

yuksek-vezifeli-sexs-menden-uzr-istedi
Oxunma sayı: 10488

Son bir ildə Azərbaycan Vəkillər Kollegiyasının yenidən formalaşmasını, aparılan islahatları əksəriyyət təqdir edir. Ancaq fərqli mövqedə olanlar, bu prosesi tənqid edənlər də var. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində vəkillik institutunun oynadığı rol, onların insanların hüquqlarının necə müdafiə etməsi, qarşılaşdığı çətinliklər, gənc vəkillərin cəmiyyətə tanıdılması, qanunvericilik bazası və bu sahədəki mövcud vəziyyətlə bağlı digər məsələləri araşdırıb öyrənmək, cəmiyyətə təqdim etmək üçün “Qafqazinfo” “Müdafiə xətti” adlı layihəyə start verir. 

Layihənin ilk qonağı Vəkillər Kollegiyasının üzvü Cavid Rzazadədir.

- Cavid bəy, hüquqi sahədə fəaliyyətiniz nə vaxtdan və necə başlayıb?

- 2007-ci ilin yayında Bakı Dövlət Universitetinin magistratura pilləsində təhsilimi başa vurdum və elə həmin ilin iyulunda Əli Bayramlı Apelyasiya Məhkəməsi yaradıldı. Mən də sənədlərimi toplayıb ora təqdim etdim. O zaman məhkəmə sədri Qürbət Əsgərov hakimlərdən ibarət komissiya təşkil etmişdi və müsahibə nəticəsində işə qəbul olundum. Bəxtimdən elə həmin ərəfələrdə apelyasiya məhkəmələri və ali məhkəmədə “hakim köməkçisi” vəzifəsi təsis edilmişdi, mən də həmin vəzifəyə təyin olundum. Yeri gəlmişkən, məni və mənim kimi bir çox gənc hüquqşünasları təmənnasız şəkildə işə və eyni zamanda dövlət qulluğuna qəbul edən Qürbət Əsgərova minnətdarlığımı bildirirəm. Şirvan Apelyasiya Məhkəməsində işlədiyim dövrdə hakimlər Əhməd Nurməmmədov, Fərhad Kərimov və İmran Hacıqayıbovla işlədim, daha sonra isə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə məşğul olan işçi qrupuna da rəhbərlik mənə həvalə olunmuşdu. 2011-ci ildə köçürülmə yolu ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Sənan Hacıyevin və Rəşad Abdulovun köməkçisi işlədim. Adlarını çəkdiyim hakimlər hazırda Ali Məhkəmənin, Sənan Hacıyev isə Bakı Apelyasiya Məhkəməsinin hakimləridir. Mən onlardan çox şeyi öyrəndim. 2014-cü ildən bu günədək isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm.

- Bu il Vəkillər Kollegiyası yenidən formalaşdı. Aparılan islahatlar sizin və ümumilikdə vəkillərin fəaliyyətinə necə təsir etdi?

- İslahatlardan hər kəsin məlumatı var. Əvvəlki rəhbərlikdən fərqli olaraq Kollegiyanın Anar Bağırov başda olmaqla yeni rəhbərliyi mətbuata və ictimaiyyətə açıq şəxslərdir, aparılan islahatların məğzi mütəmadi olaraq işıqlandırılır. İslahatlar həm kəmiyyət, həm keyfiyyət baxımından müsbət dəyişikliklərə gətirib çıxarıb və hazırda da islahatlar davam edir. Bilavasitə mənim və kolleqalarımın fəaliyyətinə təsirinə gəldikdə isə ən xırda texniki məsələlərdən, misal üçün müasir standartlara cavab verən yeni xidməti vəsiqələrin təsdiq olunmasından tutmuş, müxtəlif dövlət orqanlarının biz vəkillərə olan münasibətinə qədər təsir edib. Əvvəllər vəkilə dövlət orqanları, istintaq qurumları və hətta məhkəmələrdə belə bəsit hörmətcil davranış göstərilmirdi, vəkillərə yuxarıdan aşağı baxılırdı. Bu səbəbdən mən və mənim kimi peşəsinə və özünə hörmət qoyulmasını tələb edən vəkillər az qalırdıq, davaya çıxaq, hətta bəzi hallarda müstəntiq və ya hakimlərlə yüksək tonda keçən mübahisələr də baş verirdi. Nəticə isə ondan ibarət idi ki, növbəti dəfə həmin qurumda kiminsə hüquqlarını müdafiə etdikdə bizi konkret şəxs olaraq tanıyan müstəntiq və hakimlər etik davranış qaydalarına riayət etməklə yanaşı, vəkil olaraq irəli sürdüyümüz vəsatətləri də ciddiyə alırdılar. Deməyim odur ki, sadəcə vəkil olmağımız ciddiyə alınmağa kifayət etmirdi, gərək fərd olaraq hər birimiz mübarizə aparardıq. Lakin hazırda vəziyyət tamamən dəyişib. Məsələn, bu yaxınlarda adını çəkmək istəmədiyim bir güc strukturuna müvəkkilimlə birlikdə getmişdim və orada yüksək rütbəli şəxs tərəfindən yumşaq desəm, qeyri-peşəkar davranışla rastlaşdım, bir qədər mübahisə etsəm də bu, həmin şəxsə təsir etmədi, hegemonluq etməyə davam etdi. Mən həmin binadan çıxandan sonra dərhal sədrimiz Anar Bağırovla telefon vasitəsi ilə əlaqə saxlayıb məlumat verdim, onun tərəfindən dərhal məsələyə müdaxilə olundu və nəticədə həmin yüksək rütbəli şəxs məni otağına dəvət edərək üzrxaqlıq etdi. Əminəm ki, həmin şəxs bir daha nə mənə, nə də ki, digər vəkil yoldaşlarıma qarşı bir daha qeyri-peşəkar davranış göstərməyəcək. Əslində bütün bu addımları vaxtında atmamağa əvvəlki rəhbərliyin etinasız davranışı səbəb olmuşdu. Doğrudur, mərhum Azər Tağıyev vəkilliyin formalaşmasında çox işlər görüb, lakin işləri tamamlamağa və daha da inkişaf etdirməyə səy göstərmirdi. Bəlkə də bu, onun səhhəti ilə bağlı idi. Artıq rəhbərlik dəyişib və diqqət yetirsəz Rəyasət Heyətimizdə kifayət qədər gənc və enerjili şəxslər yer alıb. Onu da deyim ki, əvvəllər hansısa dəyişiklik və ya yenilik barədə məlumatları şayiələr şəklində alırdıq və onları dəqiqləşdirmək üçün kollegiyaya zəng vururduq, amma bu saytın sayəsində artıq hər bir məsələni detallı şəkildə öyrənib dəqiqləşdirə bilirik. Müqavilələri, vəkil sorğularını da saytdan yükləyib hazırlaya bilirik. Qısası, Anar Bağırov vəkillər tərəfindən ona göstərilən etimadı doğrultmaqdadır və güclü bir vəkil qurumunun rəhbəri olmaq niyyətindədir. Biz də əlimizdən gələn köməyi əsirgəməyəcəyik.

- İctimaiyyətin və medianın diqqətində olan hansı səs-küylü işlərdə vəkil kimi çıxış etmisiz? 

- Hazırda Avropa otelində baş vermiş ölüm hadisəsi, Binəqədi rayonunda baş vermiş yanğın, MTN ilə bağlı cinayət işi, AZTV-nin rəhbəri Arif Alışanovla Qulu Məhərrəmli arasında olan mübahisə, Dağ Yəhudiləri İcmasının sədri Boris Simanduyevə qarşı edilmiş quldurluq və sair bu kimi işləri xatırlaya bilərəm. Sonuncu dediyim işdə mənim müdafiə etdiyim şəxslə bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum.

- Diqqət mərkəzində olan işlərdə vəkil kimi çıxış etmək çətindir, ya asan?

- Çətin və ya asan olmasını deyə bilmərəm, lakin məsuliyyət tələb edir. Medianın diqqətində olması bizə kömək edir, müvafiq orqanı pozuntulardan çəkindirir. Eyni zamanda, vəkil mediaya açıqlamasında istintaq sirrini yaya bilər, yaxud kiminsə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna mənfi təsir edə bilən ifadələr işlədə bilər. Gərək o cizgini hər zaman gözləyəsən. Əks halda həm ümumən vəkilliyin nüfuzuna xələl gətirmək olar, həm də ki haqlı olaraq intizam məsuliyyətinə cəlb edilə bilər. Bizim indiki rəhbərliyimiz vəkillərə yeni imkanlar yaratmaqla yanaşı, həmçinin ciddi və haqlı tələblər də irəli sürür. 

- Bəzən vəkillər müvəkkillərinə məhkəmə və ya istintaqla hər hansı anlaşmaya gedəcəklərini və bu yolla uğur qazanacaqlarını vəd edirlər. Bununla bağlı mediada kifayət qədər şikayətlər yayımlanır. 

Sizin müştərilərinizin bənzər istəkləri olubmu? Bu məsələyə münasibətiniz necədir?

- Özünü vəkil kimi təqdim edərək dələduzluq edənlər çox olub. Nümayəndəlik institutu da belə neqativ hallara görə ləğv olundu. Vətəndaşlar vəkillərdən zəmanət tələb edirlər. Hamısı standart sual olaraq “bu işin axırı necə olacaq?”, - deyə soruşur, biz də standart cavabla “mən falçı deyiləm” deyirik. Vəkil hər hansı bir işlə bağlı zəmanət verə bilməz. Vətəndaşlardan da xahişim budur ki, zəmanət verən vəkillərdən uzaq dursunlar. Vəkil yalnız keyfiyyətli hüquqi yardıma zəmanət verə bilər. Qərarı biz qəbul etmirik, qanun çərçivəsində atdığımız addımlarla qərarın verilməsinə zəmin yaradan hallara təsir edə bilərik. 

Təəssüf ki, vəkillər barəsində “makler” ifadəsi işlənir. Bəzi vəkillər vaxtilə belə addımlar atıblar. Mənim müştərilərim də belə istəklər irəli sürüblər ki, müstəntiqlə görüş, hakimlə görüş. Mən istintaq hərəkətində vəkiləm, ordan kənarda yox, gedib kiminsə qapısını döyən deyiləm. Kimsə işin çarəsini pulla həll etməkdə görürsə, həmin müştəri normal deyil, onunla işləməyə dəyməz. 

- Hər bir vəkilin ixtisaslaşdığı müəyyən sahə olur. Siz daha çox hansı istiqamət üzrə işlərə qoşulursunuz?

- Başqa ölkələrdə ixtisaslaşma olsa da, bizdə bu yoxdur. Mən özümü cinayət işlərində rahat hiss edirəm. Amma müraciət olunduqda istənilən işi götürə bilərik. Burada əsas işin həcminə baxırıq, böyük həcmli işləri götürürük. Məsələn, kimsə gəlir ki, banka min manat borcum var, aylıq 80 manatdır, ödəyə bilmirəm, bank məni məhkəməyə verib. Həmin şəxs müqavilə haqqını necə ödəyəcək? Biz onlara şifahi olaraq hüquqi yardım edirik, yol göstəririk. 

- Vəkillər əksər vaxt istintaqdan şikayətlənirlər. Bu, müdafiə xətrinə edilir, ya bizdə istintaq həqiqətən qeyri-peşəkar aparılır?

- Bu, vəkildən asılıdır. Elə vəkil var ki, özü qeyri-peşəkar, yaxud laqeyd davranır, nəticə isə mənfi olanda günahı onun-bunun üstünə atır. İstintaqın da öz biclikləri var, qanunda da müəyyən boşluqlar var. Müstəntiq bilir ki, bu həcmdə sübut verəcək, o da məhkəmədə keçəcək. İstintaq orqanının arxayınlığına görə işdə də boşluqlar olur. Vəkilliyin nüfuzu artdıqca bu məqam aradan qalxacaq. İstintaq arxayınlığına görə boşluqlar buraxa-buraxa işi aparırdı, vəkil də məhkəmədə o boşluqları vururdu. Bu baxımdan istintaqın zəif aparılması vəkillərə sərf edirdi. Mən qısa müddətli vəkilliyim ərzində 6-7 işdə istintaqın boşluqlarından istifadə edərək bəraət verilməsinə nail olmuşam. Müstəntiqlər qeyri-peşəkar deyillər, arxayındılar. Qanuna görə istintaq hərtərəfli araşdırılmalıdır, amma müstəntiq yalnız ittiham tərəfinə uyğun araşdırır. Elə istintaq orqanı var ki, hakimlər ordan iş gələn kimi hökm çıxarmağa tələsirlər. Təki iş həmin hakimdən getsin. Belə işlərdə vəsatət verməyi belə çatdıra bilmirik. Bu dediklərim bəzi hakimlərə aiddir. İşləri kifayət qədər titiz araşdıran, prinsipial hakimlərimiz var. 

- Gənc vəkil kimi məhkəmə sistemimizdə görmək istəyib, hələ də görə bilmədiyiniz nələr var?

- Qanunda yazılıb ki, hakim qanunu və vicdanı rəhbər tutaraq sübutları qiymətləndirir və daxili inamına əsasən qərar qəbul edir. Bəzi hakimlər qanunu və vicdanı rəhbər tutmurlar. Yaxşı ki, bir neçə instansiya var. Ümid edirik ki, orada işə daha vicdanlı baxan hakimə rast gələcəyik. Bax məhkəmə sistemində bu çatışmır. Hakimlər etinasız davranırlar.

- Məhkəmə sistemi ilə bağlı hansı təklifləriniz var?

- Hakimlərimizin iş yükü çoxdur, bu, azalmalıdır. Bu qədər işin içində ittiham aktlarına daha isti yanaşmağı çatdırmırlar. Bəlkə bunu çatdırsalar, işlərə rahatlıqla baxsalar, daha ədalətli qərarlar qəbul edərlər. Ailə problemləri, boşanmalar, aliment tələbləri ilə bağlı ayrıca məhkəmələr yaradılmalıdır. Elə hakimlər var, bir ay ərzində 100-dən çox işə baxırlar. Mən hakim köməkçisi işlədiyim üçün bunları bilirəm. Gecələr yatmadan qərarlar yazırdıq. Artıq keyfiyyətə yox, kəmiyyətə işləməyə məcbur olursan. Buna görə də iş yükünün azaldılması üçün islahatlar getsə, hakimlər işə daha keyfiyyətli baxa biləcəklər.

- Biz jurnalist kimi iştirak etdiyimiz məhkəmələrdə şahidi oluruq ki, əksər vaxtlarda müdafiə tərəfinin vəsatətləri təmin olunmur. Bunun səbəbi nədir?

- Hansısa hakim nə vaxtsa müsahibə verərsə, bunun səbəbini sizə deyər. Mən o “mətbəx”də olmuşam, səbəbini bilirəm. Çünki o vəsatəti təmin etməmək daha rahatdır. Nəinki təmin edib onun uzun-dərə qərarını yazmaq.

- İttiham və müdafiə tərəfi daim yarışdadır. Sizcə, bu gün Azərbaycanda hansı tərəf daha güclüdür, daha çox qazanır?

- Təəssüflə vurğulamalıyam ki, istintaq, yəni dolayısı ilə ittihamın imkanları vəkilin imkanlarından daha çoxdur. Misal üçün, qanunda vəkilin də sübut toplamaq hüququ təsbit edilsə də, vəkil ekpertizanın keçirilməsini təşkil etmək imkanından məhrumdur. Müstəntiq istədiyi xüsusatı qabardıb öz versiyasına uyğun ekspertiza təyin edə bilir, vəkilin vəsatətinə əhəmiyyət verməyərək standart bir qərar qəbul edir ki, guya, filan ekspertizanın təyininə zərurət yoxdur. Binəqədi rayonunda baş verən yanğın işində fotolar əldə etmişdim. Bunun üçün Rusiyaya gedib Federal Ekspertlər Birliyindən rəy aldım ki, həmin şəkillər filan tarixdə çəkilib. Amma bizim məhkəmədə ekspertiza keçirilməsi üçün vəsatət verdik, hakim təmin etmədi. Vəkillərin də Məhkəmə Ekspertiza Mərkəzinə birbaşa müraciət etmək hüququ yoxdur. Halbuki Rusiyada müdafiə tərəfinə bu hüquq verilib. Ona görə məhz Rusiya ilə müqayisə apardım ki, bizim cinayət qanunverciliyi bu ölkədəkinə uyğundur.  

Sədrimiz Anar Bağırov da bildirib ki, bu istiqamətdə qanunverciliyə dəyişiklik edilməsi üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq. Yəni vəkil təkbaşına istintaqla mübarizə aparır, hansının ki inzibati resursları daha genişdir. Bu zəmində keçən yarışda əlbəttə ki, çox zaman istintaq qazanır. 

Murad Əhməd

Fotolar-Video: Pərvin Zeynal