Yüksəkliklər geri qaytarılmayacaq

yukseklikler-geri-qaytarilmayacaq
Oxunma sayı: 5479

Azər Qismət

Azərbaycan Silahlı Qüvvələrinin son iki gündə düşmənin təxribatına verdiyi cavab xalqda ruh yüksəkiliyi yaratdı. Onu demək xüsusilə yerinə düşər ki, lazımi yüksəkliklərin alınması bu münaqişədə Azərbaycanın üstünlüyünü artıracaq. Həmin yüksəkliklərin ermənilərin əlində olması Silahlı Qüvvələrimizə həmlələr üçün geniş imkanlar vermir, bir növ əl-qolumuzu bağlayırdı.

Beləliklə, son 2 gündə adamları daha çox bir fikir narahat edir. Əks-həmlə nəticəsində alınan yüksəkliklər, eləcə də yaşayış məntəqələri yenidən düşmənə qaytarıla bilərmi? Çünki bəzi beynəlxalq qurumların verdiyi bəyanatlar, eləcə də bəzi xarici KİV-lərin birtərəfli informasiyaları adamlarda belə təəssürat formalaşdırıb ki, Minsk Qrupuna daxil olan ölkələrin dövlət başçıları tərəfindən basqılar olarsa, Azərbaycan həmin yüksəklikləri geri qaytaracaq, atəşkəs müqaviləsinin imzalandığı tarixə qayıdacaq. Qəti şəkildə söyləmək olar ki, Azərbaycan həmin yüksəklikləri qaytarmayacaq.

Hardasa müəyyən mənada basqılar olacaq, bəzi ölkələrin KİV-lərində ölkəmiz əleyhinə məqalələr dərc ediləcək, süjetlər efirə veriləcək, ölkəmiz sülh istəməməkdə günahlandırılacaq, lakin həmin yüksəkliklər geri qaytarılmayacaq. Xatırlayırsınızsa, bu ilin əvvəlində Ermənistan KİV-ləri Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yaymışdı. İlk günlərdə adamlar bunun şayiə olduğunu düşündü. Çünki xalq arasında həmişə belə söz-söhbət gəzir ki, yüksəkliyin alınmasına, yaxud hansısa yaşayış məntəqəsinin azad edilməsinə böyük dövlətlərin “dobro”su lazımdır. Üç-dörd gün keçəndən sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan etdi ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib. “Odundağ” yüksəkliyinin alınması və bugünədək Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olması, üstəlik geri qaytarılmaması sübut etdi ki, biz qanla aldığımızı geri qaytaran deyilik.
O ki qaldı “dobro” məsələsinə, Azərbaycan daha “dobro”larla işləmir. Çünki anlayır ki, illər keçir və Qarabağ kartı ilə ona siyasi təzyiq göstərməyə çalışılır.

Adıçəkilən yüksəkliklərin alınması isə çox önəmlidir. Artıq neçə illər idi ki, Azərbaycan ordusu bəzi yüksəkliklərin düşmənin əlində olmasına görə əziyyət çəkirdi. O mənada ki, həmin yüksəkliklərin düşməndə olması ermənilərin üstünlüyü ələ almalarına imkan yaradırdı. Məsələn, aprelin 1-dən 2-nə keçən gecə ermənilərdən alınmış “Lələ-Təpə yüksəkliyini götürək. Bir dəfə Horadizə çəkilişə gedəndə bizə binokl vasitəsilə həmin yüksəkliyi göstərmişdilər. Həmin yüksəklik Horadizi tamamilə görməyə və istənilən vaxt təxribat törətməyə imkan verirdi.

Təsəvvür edin, Ermənistan Silahlı Qüvvələrinin layiqli cavabını verəndə, onlar da fürsətdən istifadə edib Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub dinc sakinləri öldürür, evləri dağıdır, təsərrüfat işləri məşğul olanları qorxu altında saxlayırdılar. Nəticədə dinc sakinlərin həlak olmaması üçün Azərbaycan Ordusu atəşi dayandırmağa məcbur qalırdı. Amma yüksəkliyin bizdə olması ona imkan verəcək ki, Azərbaycan atəşə atəşlə cavab versin. Atəşə həmişə cavab verilir, sadəcə bu dəfə daha sarsıdıcı olacaq.

Yaxud, götürək Talış kəndi ətrafındakı yüksəklikləri. Artıq neçə illər idi ki, Goranboy rayonu və Naftalan şəhərinin sakinlərinə həmin yüksəkliklərdə qərar tutan ermənilər təhlükə yaradırdılar. Həmin yüksəkliklərin azad olunması adamların təhlükəsiz yaşamasına imkan verəcək.

Və sonda. Adamların canında o qalıb ki, yenə bizə kimsə təzyiq edəcək. Mən Mübariz İbrahimovun nəşinin Ermənistandan hansı çətinliklərlə alınmasını, eləcə də beynəlxalq təzyiqlərə baxmayaraq təyyarədən enən kimi Ramin Səfərovun azadlığa buraxılmasını görəndən sonra anladım ki, daha o Azərbaycan deyilik. Qanla alınan isə geri qaytarılmaz. Bu, müharibə qanunudur.